Son aylar Nazim Süleymanovun təşəbbüsü ilə gündəmə gələn, veteranların aktivliyi ilə seçilən və yaradılması nəzərdə tutulan həmkarlar ittifaqının təsis konfransı keçirildi. Dünən Bakı Mətbuat Mərkəzində Futbol İctimaiyyətinin Azad Həmkarlar İttifaqının tədbiri reallaşdı.
 
Əvvəla, bəlli oldu ki, yeni qurum bundan sonra AFFA Azad Həmkarlar İttifaqı adlanacaq. Debütdəcə ad dəyişən ittifaqla bağlı qeydlər isə ilk sədrin, Azərbaycan millisinin keçmiş hücumçusu Nazim Süleymanovun müsahibəsindən sonra yazılası oldu. Çünki açıqlamalardan hiss olunur ki, təşəbbüskarlar sənəd işlərində naşıdı və işin ciddiyyətinə bir o qədər əhəmiyyət vermirlər. Halbuki AFFA-da heç də xoş qarşılanmayan bu layihədə qarşı tərəfin tutması üçün kiçicik əlyeri verilməməliydi.
 
Həmkarlar ittifaqları dünyada geniş səlahiyyətlərə malikdi və fəaliyyətləri beynəlxaq, ölkə qanunvericiliklərinə uyğun tənzimlənir, həyata keçirilir. Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyaları özündə 18 mindən çox Həmkarlar İttifaqlarını, 26 sahə üzrə Həmkarlar İttifaqları Birliklərini birləşdirir, ümumilikdə 1,5 milyondan çox üzvü var.
 
Azərbaycan futbolunda belə bir təşkilatın yaradılması müsbət məqamdı. Bu sahədə çalışan insanların hüquqlarının qorunması, müdafiə edilməsi yaxşı hal olar. Nazim müəllimin belə bir addım atması ancaq təqdirəlayiqdi.
 
İstənilən mülki sahə üzrə ittifaqın yaradılması üçün minimum 7 nəfərin birgə təşəbbüs göstərməsi kifayətdi. Təşəbbüs qrupunun fəaliyyəti nəticəsində konfransda məlumat verildi ki, bu say artıq 150-di. Qanunvericiliyə uyğun olaraq, təşkilatın işi mütləq şəkildə hazırlanmış müvafiq nizamnaməyə görə tənzimlənməli və rəsmi qeydiyyatdan keçməlidi.
 
Azərbaycan futbol ictimaiyyəti heç vaxt öz birliyi ilə seçilməyib. Konfrans başlamamış İsgəndər Cavadovun, Oqtay Abdullayevin mətbuata açıqlamaları hələ qarşıdurmanın qabaqda olduğunu göstərir. Təşkilat yaranmamış artıq ikitirəlik başlayıb. Bu da gələcəkdə yaxşı günlər vəd etmir. Təəccüblü də deyil, futbol aləminin 90%-i üçün şəxsi mənafe, vəzifə hərisliyi, tikə davası həmişə futboldan öndə olub.
 
Yeni yaradılmış qurum Azərbaycan futboluna nə verə bilər? Həmkarlar azad, kimsəyə tabe olmayan, birgə idarə olunan ittifaq olduğu üçün, bəri başdan bildirək, fəaliyyət heç də kağız üzərində göründüyü kimi asan başa gəlməyəcək. Avropada Həmkarlar İttifaqlarının çəkisi, nüfuzu, təsir qüvvəsi çox böyükdü, bura isə Azərbaycandı. Həmkarlar İttifaqının kökündə qanuna söykənən insan hüquqlarının, əmək hüquqlarının qorunmasıdı, bu da elə hüquqa, qanunlara söykənən mədəni müxalifət deməkdi.
 
İlk olaraq nəzərdə tutulan Futbol İctimaiyyətinin Azad Həmkarlar İttifaqının adı da dəyişdirildi, AFFA Həmkarlar İttifaqı kimi rəsmi qeydiyyatdan keçməsi qəbul edildi. Belədə müəyyən suallar ortaya çıxır. Qanunvericiliyə söykənən Həmkarlar İttifaqını yaradanların təşkilati, hüquqi təcrübəsizliyi ilk gündən üzə çıxmış olur. Həmkarlar sahə üzrə müəssisə, qurumların nəzdində yaradıldığı üçün adın dəyişdirilməsi zərurəti yaranıb. Hüquqi axsaqlıq dərhal gözə çarpır. Nazim Süleymanov AFFA-nın baş katibi ilə görüşdüyünü bildirib, müzakirələr aparılıb. İttifaqın adına AFFA əlavə edilib. Ümumi razılığın əldə olunması ilə bağlı dolğun məlumat isə verilmir. Hələ Nizamnamənin olub-olmaması ilə də bağlı informasiya yoxdu, bu isə natamamlıqdı.
 
Təsis konfransında da federasiyanın nəinki rəhbərlik, heç departament, şöbə rəisləri səviyyəsində belə təmsil olunmaması düşündürücüdü. Təşkilatçılıq baxımından da bilinmir ki, AFFA-ya rəsmi məktubla müraciət olunub, yoxsa şifahi? Halbuki AFFA-dan bizə bildirdilər ki, onlar yalnız telefon zəngi vasitəsilə dəvət alıblar – bu isə rəsmi müraciət sayılmır, ortada sənəd olmalı idi. Bu tipli tədbirlərin qanuni müstəvidə keçirilməsi üçün rəsmiyyət mütləqdir. AFFA-nın baş katibi Elxan Məmmədov belə məsələlərdə artıq çox təcrübəlidi və Həmkarlar İttifaqını yaradanlar prosedur qaydalarına həssaslıqla yanaşmalıdı.
 
Futbol ictimaiyyətində onsuz da qanunu bilən, təşkilatçılıq bacarığı olanlar heç barmaqla sayılası qədər deyil. Buna görə də ilk addımdan səhvlər sıralanır. Əfqan Həmzəyev kimi keçmişi bəlli hakimin ittifaqda olması, iclası aparan əsas şəxs kimi gözə girməsi də imicə mənfi təsir edir.
 
Həmkarlar İttifaqı könüllülük prinsipinə sadiq olmalıdı. Sıralar genişlənsə də, Cavadovun, Abdullayevin açıqlamaları ilə yanaşı, futbol veteranlarının bir çoxunun ittifaqa inamsızlığı sezilir. Ümumi futbol ictimaiyyətinin inamının qazanılması üçün yeni təşkilat ilk olaraq qanunla öz hüquqlarının qorunmasını təmin etməlidir. AFFA-dan iş otaqları, şəraitin istənilməsinin sonunun necə bitəcəyi bilinmir. Hələ qurumun adına AFFA sözünün əlavə edilməsi özü sual doğurur – assosiasiyadan icazəsiz atılan addım sonra başa bəla olacaq, söz-söhbət yaradacaq. Azad ittifaqın AFFA-yla nə birgəliyi ola bilər ki?
 
Yeni qurum fəaliyyətini genişləndirmək, bölgələrdə də nümayəndəliklərini yaratmaq niyyətindədi. Maliyyə dayaqları ilə bağlı məsələ açıq qalır, bunu AFFA edəcəksə, müstəqillik mümkün deyil, kənar yardım varsa, sonluq qarşıdurmaya kimi uzanacaq.
 
Təsis konfransında təşkilatçılığın istənilən səviyyədə olmaması da diqqət çəkdi. Nüfuzlu futbol adamlarının sayı barmaqla sayılacaq qədər az idi, bir sıra prosedurlara lazımınca əməl olunmadı. Lakin bütün bunları işlərin yeni başlamasına bağlayaq. Ümid edək ki, ittifaq zaman keçdikcə daha yaxşı təsir bağışlayacaq.
 
Ən azından futbol kabinetlərində yeni dönəmə qədəm qoyulur. Yaşıl meydanlarda qolları vurmağı bacaranlar kabinetlərdə də "doqquzluğ”u nişan ala biləcəklər, ya yox? Zaman göstərəcək…
 
FƏRİD
Shares: