“Qarabağ”ın futbolçusu Aylton Silva Azərbaycan Premyer Liqasının 6-cı turunda evdə "Sumqayıt"a 2:0 hesabı ilə qalib gəldikləri matçdan sonra  jurnalistlərin suallarını cavablandırıb. 

Futbolinfo.az xəbər verir ki, o, əvvəlcə oyun haqda danışıb.

– Çətin oyun oldu. Daha çox müdafiədə oynayan komandayla qarşılaşdıq. Amma səbrli olmağı bacardıq. Topa nəzarət edirdik. Zamanı gəldi,  bundan istifadə edib, qol vurduq.

–  Oyundan əvvəl "Sumqayıt"dan ehtiyat edirdinizmi?
– Biz məşq edirik. Amma nəzərə alırıq ki, onlar da hazırlaşırlar. Lider kimi qarşımızda məsuliyyət vardı, bütün oyunlara qələbə üçün çıxmalıyıq. Yenə də hədəfimizə çatdıq.

– 6 matç, 6 qələbə və lidersiniz. Görünən odur ki, bu mövsüm heç kim "Qarabağ"ın qarşısını ala bilməyəcək. Bu, bir az sizin üçün maraqsızdır, yoxsa sevindiricidir ki, rəqibiniz yoxdur?
– Əvvəlki müsahibələrimdə də qeyd etmişdim ki, digər komandalar haqqında danışmağı xoşlamıram. Hədəfimiz oyunlara çıxıb, qələbə qazanmaqdır. Sonda nə olacağını isə yaşayıb, görərik.

– "Sevilya" və "Zirə" ilə matçlardan sonra Qurban Qurbanov sizdən narazı olub ki, onun tapşırdılqarını etmirsiniz, öz bildiyiniz şəkildə oynayırsınız. Bu barədə nə deyə bilərsiniz?
– Xeyr, bu haqda heç nə deyə bilmərəm. Mən sadəcə meydana çıxdığım qarşılaşmalarda komandama kömək etməyə çalışıram.

– Səfərdə APOEL-ə 4 top vuran "Düdelanj"dan 1 xal almaq və ya qələbə qazanmaq nə dərəcədə real görünür?
– Təbii ki, rəqibi analiz edəcəyik. Çatışmayan cəhətlərini görəcəyik. Səfər oyunu olsa da, hədəfimiz 3 xaldır. 

ELMAR ABDULLA-ZADƏ

Shares: