“Sumqayıt”dan bu qədər. Aradakı büdcə, şərait fərqi bir yana, “Qarabağ”ln heyəti, təcrübəsi sadəcə, müqayisəolunmazdı. Və bu komandalar dünən üz-üzə gəldi…
Nəticə ağdamlılar üçün ürəkaçandı. 2:0 hesablı qələbə sayəsində çempion yenə vahid liderdi, mövsümün ilk 6 turunda xal itirməməsi öz yerində, cəmi bir top buraxıb. Kəsəsi, “Qarabağ” üçün hər şey arzulanandan da yaxşıdı. Və dünən ağdamlılar əziyyət çəkmədən, güc sərf etmədən növbəti xallarını qazandılar.
Doğrusu, Ayxan Abbasovu təbrik etmək istəyirsən. Onun oyuna yanaşması, rəqibi təhlil etməsi, buna uyğun taktika qurması alqışlanmalıydı. Lakin iş ifaçılara gələndə fərq ortaya çıxdı. Çünki qonaqların oyunu gücləndirmək üçün ehtiyat qüvvəsi yetərincə deyildi, üstəlik, meydandakı futbolçuların bacarığı da rəqibi dayandırmağa kifayət etmirdi. “Qarabağ” oyuna diqtə etsə də, bir hissə ərzində hesabı aça bilmirdi, yalnız fasilə ərəfəsindəki son hücum zamanı sumqayıtlıların ani diqqətsizliyi ilə tablodakı sıfırlardan biri dəyişdi.
İkinci qol da eyni cür alındı. Meydanda döyüşməkdən qalmayan, bəzən rəqibə təzyiq göstərən “kimyaçılar” rəqib futbolçuların fərdi bacarığı sayəsində təşkil etdiyi hücum zamanı təslim oldu. Zədədən qayıdan Mahir Emreli əla kombinasiyanı dəqiq zərbə ilə yekunlaşdırdı – 2:0.
Matçdan sonra Qurban Qurbanovun dedikləri həm də narahatlığından xəbər verirdi. Bəli, komandası qalib gəldi, amma “Qarabağ” ideal formada deyildi. Və bu, ən pisidi. Çempionatda rəqabət o qədər aşağı səviyyədədi ki, ağdamlılar əziyyət çəkmədən qalib gəlir, avrokubok oyunlarında isə güclü rəqiblər önündə paxırlar üzə çıxır. “Qarabağ” digər komandalarımızdan aşkar üstündü, toparlananda ən yaxın izləyicisinə 3-4 top vurur. Lakin qarşına “Sumqayıt” kimi rəqib çıxanda toparlanmaq olmur, təkayaqla uda biləcəyini anlayanda əlavə güc sərf etmək istəmirsən. “Qarabağ”ı elə bu rəqabətsizlik sıradan çıxaracaq.
Bəli, Ayxan Abbasovun düzgün taktikasından, rəqibi analiz etməsindən bəhs etdik. Amma o qeydlər yalnız könülsüz oynayan, matçı yola verən “Qarabağ”a aiddi. Ağdamlılar bu oyuna ciddi yanaşsaydı, çətin ki, rəqib darmadağından qurtulardı. Belə çempionat olmaz, rəqabət olmayacaqsa, “Qarabağ”ı da itirəcəyik, rəqibsizlikdən yavaş-yavaş, hiss edilmədən məhv olacaq, bir də “Düdelanj”a uduzanda ayılıb, “niyə uduzdu” deyəcək, ittiham etməyə başlayacağıq. Halbuki Avropada yenilgilərin əsası elə “Sumqayıt”la, “Səbail”lə, “Zirə”ylə matçlarda qoyulur.
FƏRİD