“Qəbələ”nin gürcüstanlı yarımmüdafiəçisi Davit Volkov futbolinfo.az-a müsahibə verib. Təcrübəli futbolçu komandanın son 2 matçdakı uğurlu çıxışından və “Neftçi” ilə bu gün baş tutacaq matçından danışıb.
– Son oyunda mövsümə yaxşı başlayan “Səbail”lə səfərdə 1:1-lik heç-heçə etdiniz. Demək olar ki, komanda özünə gəlib?
– Düşünürəm ki, nəticə ədalətli idi. Hər iki komandanın fərqlənmək üçün şansları var idi. Yaxşı oyun getdi və sonda 1:1 pis nəticə deyildi.
– Son 2 oyunda 4 xal qazanmısınız…
– Futbolda uğurlu və ya uğursuz anlar həmişə olur. Son 2 oyunda həqiqətən komanda yaxşı çıxış edir. Düşünürəm ki, belə davam etmək lazımdı. Əgər davam etsək, xallar gələcək.
– Elmar Baxşıyev komandada nəyi dəyişdi?
– O, çox yaxşı insan və yaxşı məşqçidi. Ona uğurlar arzu edirəm . Ümid edirəm ki, daha da uğurlu olacaq.
– Ardıcıl xallar komandanın hədəfinə, məqsədinə təsir edib?
– Biz hər oyunda son 2 matçdakı kimi oynamaq istəyirik. Bunu bacarırıq və etməliyik. Düşünürəm ki, bundan sonra daha yaxşı olacaq. Uğurlu çıxışımızı davam etdirəcəyik.
– Komandanın azsaylı təcrübəli futbolçularındansan. Səncə, Elmar Baxşıyev vəzifəsində qalacaq?
– Bu barədə heç nə deyə bilmərəm.
– Ötən il heç kim inanmadığı halda “Qəbələ” əvvəlki illərlə müqayisədə zəif heyəti ilə kubok qazandı və tarix yazdı. İndiki heyət daha zəifdi və səncə, yenə sürpriz edə bilərsiniz? Ən azı ilk “3-lük”də ola bilərsiz?
– Əlbəttə, mümkündü. Əsas odur ki, öz istədiyimiz oyunu meydanda göstərə bilək. Belə olsa, niyə də yox?
– Növbəti oyununuz evdə “Neftçi”yə qarşıdır. Səncə, uğurlu seriyanı mövsümə uğursuz başlayan “Neftçi”yə qarşı davam etdirə biləcəksiniz?
– Çətin oyun olacaq. Biz qələbə üçün meydana çıxacağıq. Bütün oyunlarda da 3 xal üçün oynayırıq. Bu mövsüm “Neftçi”nin bir çox matçlarda bəxti gətirməyib. Buna görə də bir neçə oyunda qalib gələ bilməyiblər. Yaxşı qarşılaşma olacaq.
– Ötən il bir çox əcnəbi futbolçu “Qəbələ”dən getdi. Sənin də müqavilən dekabrda başa çatacaq. Getməyi düşünürsən?
– Düzdü, dekabrda müqaviləm bitir. Amma gələcəyimin necə olacağını bilmirəm. Hələ ki, burdayam və oyunları düşünürəm.
AĞA