“Ümumilikdə, biz rəqibdən daha yaxşı oynadıq. Sadəcə,bəzi epizodlarda bəxtimiz gətirmədi. Dirəkdən qayıdan, boş qapıdan çıxarılan toplar oldu. Fərqləndiyimiz epizoda baxmamışıq. Ofsayd olub-olmadığını bilmirik. Hakim matçdan sonra dedi ki, ofsayd olmasaydı, 100 faiz penalti təyin edəcəkdim".

Futbolinfo.az xəbər verir ki, bu sözləri U-21 yığmamızın üzvü Fərid Nəbiyev AÇ-2021-in seçmə mərhələsinin İsveçrə ilə oyunundan sonra deyib. Çexiya "Slaviya"sının B komandasında çıxış edən futbolçu 0:1 hesablı məğlubiyyəti şərh edib:

"Bu gün daha güclü İsveçrə gözləyirdik. Ancaq bizim üçün rəqibin fərqi yoxdur. Biz də futbol oynamağı bacarırıq. İnanıram ki, gələcək matçlarda nəticə də olacaq. Bu gün son nöqtəni dəqiq qoya bilmədik. Şanssızlıq çox oldu".

Nəbiyev qrupdakı vəziyyəti dədəyərləndirib: "Fransa qrupun favoritidir. Futbolçuları top-komandalarda oynayır. Onlara qarşı mübarizə aparmaq çox çətindir. Amma İsveçrə elə güclü deyil. Fransadan başqa, digər komandalarla başabaş oynamaq olardı. Bu gün bəxtimiz gətirmədiyi üçün uduzduq".

Gənc hücumçu seçmə mərhələdə Lixtenşteynə qarşı keçirəcəkləri oyun haqda da fikirlərini bölüşüb: "Onları məğlub etməliyik ki, xal ehtiyatımızı artıraq. Bu, bizim üçün də yaxşı motivasiya ola bilər. Evdə oynayacağıq. Bu gün azarkeşlərimiz də möhtəşəm idi. Bizə əsl futbol həyəcanı yaşatdılar. Onlara təşəkkür edirəm. Ümid edirəm ki, qarşıdakı oyunlarda da belə olar. Lixtenşteynlə matça boş çıxmamalıyıq. Ciddi yanaşmaq lazımdır ki, oradakı məğlubiyyət təkrarlanmasın".

Nəbiyev sonda isə "Slaviya"dakı vəziyyətindən sözaçıb: "İşlərim yaxşı gedir. Sadəcə, yeni direktor çex futbolçulara daha çox önəm verir. A komandaya öz oyunçuları gedir. Dekabra kimi müqaviləm qalıb. Ondan sonra orada davam edib-etməyəcəyim bilinəcək. Yəqin ki, Azərbaycana qayıtmayacam. Karyeramı ölkə xaricində davam etdirmək istəyirəm". (sportinfo.az)

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp