Elxan Məmmədov AFFA-ya sığmır. Artıq böyüyüb, özünü daha yüksək vəzifədə, fərqli sahədə görmək istəyir. Və həm də göstərir, nümayiş etdirir.
Dünən AFFA-nın inzibati binasında baş katib Elxan Məmmədov Argentina Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Serxio Osvaldo Peres Qunelya ilə görüşüb. Görüşdə Azərbaycan və Argentina arasında futbol sahəsində münasibətlərin daha da yaxşılaşdırılması, AFFA və Argentina Futbol Assosiasiyasının əməkdaşlıq perspektivləri müzakirə olunub.
Belə addımlarla yalnız dünyadan xəbərsizləri təəccübləndirmək olar. Son günlər futbolun başını buraxıb, öz təbliğatı ilə məşğul olan Məmmədovun başqa yerdə gözü var. Ölkənin siyasi rəhbərliyindəki islahatlar, istefalar, daha gənc kadrların irəli çəkilməsi Məmmədovu həvəsə gətirib və özünü ökə başçısına tanıtmaq istəyir, hamilərinin onun namizədliyini irəli sürməsi üçün “material” hazırlayır. Səfirlə görüşmək hansısa ölkəyə səfir göndərilmək həvəsi də ola bilər.
Elxan bəyin budəfəki təbliğat kampaniyası uğursuzdu. Futbol təsərrüfatındakı karyerası başdan-ayağa rəzalət olan, hamının yadında yalnız UĞURSUZ biri kimi qalan Məmmədov işgüzar adam kimi gözə girmək istəyir. Hansı işlə?
Mümkünsə, səfirlə görüşün detallarını açıqlayın. Argentinanın ölkəmizdəki elçisinin ümumiyyətlə, AFFA-da nə işi var? Axı, onun hansısa məsələni müzakirə edib, qərar vermək səlahiyyəti yoxdu. Yəqin ki, ortada ümumi dostlar var və onların vasitəsi ilə Serxio Osvaldo Peres Qunelyadan AFFA-ya getməsi xahiş olunub. Ki, yuxarı məruzə edilsin: Məmmədov o qədər böyüyüb ki, hansısa səfir onun ayağına gedir.
Argentin futbol ölkəsidi. Bəli, müzakirə etməli nələrsə ola bilər. Amma AFFA-ya hansısa AFA nümayəndəsi gəlsəydi, başadüşülən olardı. Serxio Osvaldo Peres Qunelyanın ölkəsinin futbol federasiyasına heç bir təsir imkanı ola bilməz və bu görüş də futbolumuz üçün tamamilə faydasızdı, yalnız Məmmədovun təbliğatına xidmət edir.