Georgi Adamiya bəlkə də yeganə oyunçudu ki, “Neftçi” və “Qarabağ” azarkeşləri onu eyni hörmətlə yada salır. Hər iki komandada yaddaqalan oyunlar keçirən gürcü forvard bakılılarla “Birlik kuboku”nu qazanıb, ermənilər üzərində qələbələrimizin memarlarından olub.
 
Azərbaycan çempionatında 4 müxtəlif klubun formasını geymiş 38 yaşlı sabiq futbolçu 2004-13-cü illər ərzində “Bakı” (28 oyun, 2 qol) və “İnter”də (5 oyun, 1 qol) də forma geyib. Lakin onu ölkəmizə ilk dəfə gətirən “Neftçi” və daha sonra yollandığı “Qarabağ” karyerasında önəmli yer tutub. Bakılıların 94, ağdamlıların 72 matçında forma geyən Adamiya hər iki komanda üçün eyni sayda – 29 qol vurub.
 
Bugünkü Azərbaycan derbisi ərəfəsində Georgi ilə danışmağı lazım bildik. O, futbolinfo.az-a müsahibəsində əzəli rəqiblərin şanslarını dəyərləndirdi.
 
– Azərbaycan çempionatının oyunlarını izləyirsiniz?
– Vaxt olduqca izləyirəm.
 
– Komandaların gücündən xəbərdarsınız? Bu turda “Neftçi” və “Qarabağ” üz-üzə gələcək…
– Bilirəm ki, iki güclü komanda, lider kollektivlər qarşılaşacaq. Bu komandalar həmişə iddialı olub. Yenə də gərgin oyun olacağını düşünürəm. Komandaların hər ikisi çempionluq üçün mübarizə apardıqlarına görə 3 xalı qazanmağa çalışacaqlar.
 
– Hər iki komandada oynamısan. Kimi daha şanslı sayırsan və kimə azarkeşliik edəcəksən?
– Mən bu komandalarda bütün gücümü qoymuşam və düşünürəm ki, ikisində də uğurlu olmuşam. İndiki duruma gəlincə, hər iki komanda mövsümün iddialısıdır. Burada kimisə favorit saymaq olmaz. Fikrimcə, eyni güclü komandalar meydanda döyüşəcək.
 
– “Qarabağ” bu gün liderdir və “Neftçi”dən irəlidədir. Səncə, bu, oyuna təsir edəcək?
– Düşünürəm ki, yox. Rəqabət və gərginlik olacaq. Heç bir üstünlükdən söhbət gedə bilməz. Hər iki komandanın qələbə qazana biləcəyini fikirləşirəm.
 
– “Neftçi” çempionluq yarışına qoşula bilərmi?
– Əlbəttə. Onların potensialı da, gücü də buna yetər. Son 4 matçda qalib gəliblər. Davamını gətirmək lazımdı.
 
AĞA
 
thumb700 20080404050741443 - Futbolinfo.az
 
adamiya qarabag - Futbolinfo.az
Shares: