“Sumqayıt”ın hücumçusu Mehdi Şərifi futbolinfo.az saytına müsahibə verib. İranlı forvard komandasının cari mövsümdəki çıxışını dəyərləndirib, cəza səbəbindən buraxacağı “Zirə” ilə oyundakı şanslarından danışıb:
– Sumqayıt”ın bu mövsümkü çıxışını necə dəyərləndirirsən?
– Bizim yaxşı kollektivimiz, yaxşı məşqçimiz var. Bu günə qədər bacardığımız qədər yaxşı çıxış etməyə çalışmışıq. Bəzi oyunlarda çox yaxşı oynadıq. Bəzi matçlarda isə fərdi səhvlər hesabına uduzduq. Lakin vacib olan odu ki, əlimizdən gələni edirik. Çalışacağıq ki, bundan sonra da ən yaxşısını ortaya qoyaq.
– Hər halda öz çıxışını yaxşı dəyərləndirirsən. Hesabında artıq 4 qol var…
– Mənim üçün hər zaman komandanın uğurları daha önəmlidi. İstəyirəm ki, çempionatda daha yaxşı vəziyyətdə olaq, daha yaxşı yerlərə gələk. Əlbəttə ki, mən də daha çox qol vurmaq fikrindəyəm. Mövsümün bombardiri olmaq istəyirəm.
– Komandanızın hədəfi nədi?
– İlk “3-lük”də olub avrokuboklara vəsiqə qazanmaq istəyirik. Ümid edirəm ki, bu arzumuza çatacağıq.
– Bu tur “Zirə” ilə səfər matçı var və sən vərəqə limitinə görə meydanda olmayacaqsan…
– Buna görə çox üzgünəm. 4 sarı vərəqə aldığım üçün oyunu buraxacam. Amma komandaya inanıram. Ümid edirəm ki, bu səfərdən xallarla qayıdacaqlar. Komanda yoldaşlarıma güvənirəm.
– Aleksey İsayevin qayıdışı sizi sevindirir?
– Əlbəttə ki, sevindirir. O, futbolu bilən yaxşı oyunçudu. Baş məşqçi də onu çox istəyir, başqa futbolçular kimi. Düşünürəm ki, Aleksey bizə çox kömək edəcək. Həqiqətən o, komanda üçün çox önəmli oyunçulardan biridi.
CAVAD