“Qarabağ”ın ispan yarımmüdafiəçisi Xayme Romero futbolinfo.az saytına müsahibə verib. O, zədədən sonrakı vəziyyətindən, komandanın son oyunlardakı uğursuz çıxışından danışıb:

– Zədələndikdən sonra yalnız son tura meydana çıxdın. Özünü necə hiss edirsən və artıq tam əvvəlki vəziyyətinə qayıtmısan?
– Özümü indi yaxşı hiss edirəm. Doğrudur, zədədən sonra əvvəlki formaya qayıtmaq çətin olur. Bunun üçün əziyyət çəkməlisən və zaman da lazımdır. Lakin indi özümü əla hiss edirəm və zədədən əvvəlki vəziyyətimdəyəm.

– Qarşıda çempionat oyunu var. “Sumqayıtla” matça hazırsız?
– Özümü yaxşı hiss edirəm. Matça hazırıq və mən də oynamaq istəyirəm. Matç saatını gözləyirəm.

– Son iki qarşılaşmada xal itirmisiz. Bunu nə ilə əlaqələndirə bilərsən?
– Komanda iyun ayından bir yerdədir. Neçə aylardır ki, oynayırıq. Enişin olması komandada normaldı. İstənilən komandada bu hal baş verə bilər. Bir də elədir ki, sən bir rəqiblə bir neçə dəfə qarşılaşanda artıq sənin oyun tərzini anlayırlar və buna alışırlar. Necə qarşımızı almağın yollarını axtarırlar və belə olanda qol vurmaq çətin olur.

– Çox oyun keçirmək sizi yormayıb?
– Yox elə düşünmürəm. Sadəcə, dediyim kimi, artıq komanda uzun müddətdir ki, bir yerdədir və bəzən elə olur özünü normal formada hiss etmirsən. Qeyd etməliyik ki, rəqiblər də yavaş-yavaş daha yaxşı çıxış edir, mübarizə aparır. Ona görə də yorğunluq olduğunu düşünmürəm və komanda yoldaşlarımı həvəslidirlər.

– Çempionat davam etsə də, hər kəsin diqqəti Avropa Liqasına yönəlib. Hamı “Qarabağ”dan möcüzə gözləyir…
– Futbolda hər şey mümkündür. Sevilyaya yalnız qələbə qazanmaq düşüncəsi ilə yollanmaq lazımdır. Biz də bu fikirlə səfərə yollanacağıq. Ümid edirəm ki, bizdə alınacaq və sona  qədər şansımızı saxlayacağıq.

– “Sevilya” üzərində qələbə qazanmaq mümkündürmü? Necə düşünürsən bunu etmək üçün sizə nə lazımdır?
– Öncə nizam-intizamlı futbol oynamalıyıq. Yaxşı futbol oynamalıyıq. Qol ümidimizi əks-hücumlarda axtarmalıyıq. İnanıram ki, qol və ya qollar vurub 3 xalı əldə edəcəyik.

– Artıq İspan klubu növbəti mərhələyə vəsiqə əldə edib. Bu sizə kömək olacaqmı?
– “Sevilya” üçün növbəti mərhələyə vəsiqə qazanıb və ya qazanmamamağın bir önəmi yoxdur. Oyunlarda bunu hiss etmək olmur. Onların heyəti çox genişdir və bəzən şans qazanmayan oyunçular oynayır. Lakin onlar da özlərini sübut etmək var gücü ilə mübarizə aparırlar. Asan olmayacaq. İstənilən halda çətin matç keçəcək.

– APOEL-lə matçların yalnız ikincisində az müddət meydanda oldun…
– İlk matçda heç meydana çıxmadım. Çünki zədəm sağalmamışdı. İkinci oyunda sonradan oyuna daxil oldum. Lakin zədəmi sağaltsam da, formada deyildim. Mən oynasam da, komanda yoldaşlarım işlərinin öhdəsindən yaxşı gəldilər. Hər kəs əlindən gələni etdi.

– Səncə, “Qarabağ” bu 2 vacib oyunda niyə qələbə qazana bilmədi. Zədəlilərin olması buna təsir etdimi?
– İstər Çempionlar Liqasının 3-cü mərhələsində, istərsə də, qrupda APOEL-lə matçlarda üstün tərəf biz idik. Belə düşünürəm ki, biz daha yaxşı oynadıq. Daha çox üzüldüyümüz məqam Kiprdəki matçla bağlıdır. Standart vəziyyətdən buraxdığımız qollar bizi çətin duruma saldı. Bu matçlarda daha yaxşı çıxış edib müsbət nəticə əldə edə bilmədik. Yekun nəticə üzücü idi. Hazırki vəziyyət APOEL-in xeyrinədir və bu yaxşı hal deyil.

FƏRİD

Shares: