Futbol üzrə Belçika milli komandasının hücumameylli yarımmüdafiəçisi Kevin de Breyne 2020-ci ildə keçiriləcək Avropa çempionatının püşkatma prosedurunu tənqid edib.
Futbolinfo.az xəbər verir ki, İngiltərənin “Mançester Siti” klubunun şərəfini qoruyan futbolçu “VTM Nieuws” nəşrinə açıqlamasında bunları söyləyib:
“Püşkatma mərasimi keçirilməsə də, demək olar ki, hər şey aydındı. Bu, rəzalətdi. Sanki saxta bir turnir keçirilir. Artıq futbol adi bir biznesə oxşamağa başlayıb”.
Qeyd edək ki, artıq Belçika yığmasının AÇ-2020-də Danimarka və Rusiya yığmaları ilə bir qrupda mübarizə aparacağı bəllidi. Bu komandanın digər rəqibi isə ya Finlandiya, ya da Uels millisi olacaq.