Belçikanın “Brügge” klubunda Mbaye Dianye ilə bağlı qalmaqal hələ də səngiməyib.

Futbolinfo.az xəbər verir ki, seneqallı futbolçu ölkə çempionatının 16-cı turu çərçivəsində “Ostende” ilə oyun üçün açıqlanan heyətə daxil edilməyib.

Bu barədə komandanın baş məşqçisi Filip Klement məlumat verib. O, bunu belə əsaslandırıb: “Mbaye “Şarlerua” ilə yoxlama oyununda meydanda oldu. Artıq məşqlərə də qatılır. Amma “Ostende” ilə oyunda forma geyinməyəcək. Çünki PSJ ilə oyunda yaşananlar utandırıcı idi. İndi özünü isbatlamaq üçün məşqlərdə çox yaxşı çalışmalıdı. Məni fikrimdən döndərə bilsə, heyətə qaytarılacaq. Hələlik isə ona heyətdə yer yoxdu”.

Bu, Mbaye tərəfindən yenə sərt qarşılanıb. O, məsələ bağlı “İnstaqram” hesabında bunları yazıb: “Ehtiyac olduğu halda belə məndən istifadə etmirlər. Bunu qəbul etmirəm. Danışmaq üçün doğru zamanın gələcəyinə əminəm. Səssizlik ən yaxşı intiqamdı”.

Xatırladaq ki, Dianye ilə bağlı qalmaqal UEFA Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində PSJ ilə səfər oyunundan başlayıb. “Brügge”nin 0:1 hesabıyla uduzduğu həmin qarşılaşmanın 76-cı dəqiqəsində Belçika təmsilçisi penalti qazanıb. Amma bu vaxt Dianye komandanın kapitanı və əsas penalti vuran futbolçusu Hans Vanakenin 11 metrlik zərbəni yerinə yetirməsinə imkan verməyib. Üstəlik, seneqallı futbolçunun penaltisini rəqib qolkiper Keylor Navas dəf edib. Meydandakı bu anlaşılmazlıq matçdan sonra paltardəyişmə otağında davaya çevrilib. 
 
Müqavilə ilə Türkiyənin “Qalatasaray” klubuna məxsus olan Dianye, “Brügge”də icarə əsasında çıxış edir. Seneqallı futbolçu İstanbul klubunda da oxşar davranışları ilə gündəmə gəlmişdi. O, bu komandada çıxdığı 9 oyunda 4 qola imza atıb.

Shares: