Slovakiya – Azərbaycan matçının fasiləsində baş verən davanın təfərrüatları haqda yeni məlumatlar var. AFFA təkzib etməyə çalışsa da, paltardəyişmə otağında çox ciddi insident olub.
Millinin düşərgəsində olan, adının çəkilməsini istəməyən bir neçə futbolçudan aldığımız məlumata görə, hər şey birinci hissədəki epizoddan başlayıb. Rəqib oyunçularla bir neçə dəfə mübahisə edən Eddi İsrafilov oyun intizamını da pozub. Cavid Hüseynov bunu bir neçə dəfə ona irad bildirib, sakit olmasını tapşırıb. Milliləşdirilmiş futbolçunun iradlara əhəmiyyət vermədiyini görən kapitan Qara Qarayev isə onu daha kəskin danlayıb. Lakin yenə vəziyyət dəyişməyib.
Fasilədə Ramil Şeydayev də işə qarışıb. O, paltardəyişmə otağında Eddiyə müraciətlə təcrübəli oyunçulara, kapitana qulaq asmağın vacibliyini dilə gətirib. İsrafilov isə hirslə “heç kim mənə söz deyə bilməz” deyincə ara qarışıb. Şeydayev komanda yoldaşını vurmağa cəhd edib, əksər komanda yoldaşlarından da dəstək görüb. Eddini isə Renat Dadaşovla Dmitri Nazarov müdafiə edib.
Millidəki bu qruplaşmanı kənardan izləyən baş məşqçi Nikola Yurçeviç olaya müdaxilə etməyib, oynamaq istəmədiyini deyən İsrafilovun əvəzinə Elvin Camalovu meydana buraxmaqla kifayətlənib. Bununla da münaqişə qismən yoluna qoyulub.
Ümumiyyətlə, yığmanın düşərgəsində ab-hava yaxşı deyil. Əksər futbolçular 1-1,5 milyon dollar qarşılığında millimizdə oynamağa razılıq verən Eddi və Renatdan, onların davranışından narazıdı. İsrafilovun Uelslə Bakıdakı oyuna klubuna görə gəlməməsi, Slovakiyaya çatan kimi isə əsas heyətə salınmasını xoş qarşılamayıb. Yığmaya gələrkən “mütləq oynamalıyam” şərti qoyan Renat da qıcıq doğurur. Bundan başqa, Vüsal İsgəndərlinin “Keşlə”nin milliylə səfərə çıxan rəhbəri Zaur Axundovun tələbi ilə 90 dəqiqə oynadılması, Yurçeviçin bütün sifarişlərə əməl etməsi xorvata inamsızlıq yaradıb.
Futbolçular AFFA-dan da narazıdı. Bəhreynlə yoxlama oyunundakı qələbəyə görə təyin olunan mükafatın hələ də verilməməsi xüsusilə legionerləri narazı salan məqamdı. Bu səbəbdən özünü qorumağa çalışan, zədədən qaçmaq üçün ikili mübarizələrə girməkdən çəkinən Nazarov seçilir. Zədə alıb, klubda problem yaşamamaq üçün millidə can qoymayan legioner yalnız pulu düşünür. Bu isə əksər yerli oyunçuların xoşuna gəlmir.
Bu qədər problemin olduğu milli komanda uğursuzluğa məhkumdu. AFFA rəhbərliyi, baş məşqçi futbolçulara nəzarəti əldən verib. Xaosun baş alıb getdiyi komandanın nəticələrinin pis olması həm də buna görədi.