Qurşağdan aşağı zərbələr başlayır. İndi yox, bizdə həmişə belə olub. Amma hamı yox. El misalı var: Eşşəyə gücü çatmır, palanı döyür.
Millimizin AVRO-2020-nin seçmə mərhələsindəki çıxışı ilə bağlı AFFA Məşqçilər Komitəsinin üzvü, 5 qat Azərbaycan çempionu, 4 dəfə Azərbaycan Kubokunun, 2 dəfə Birlik Kubokunun, 1 dəfə Azərbaycan Super Kubokunun qalibi, super cayıl, seyid, ağsaqqal, 72 yaşlı Ağasəlim Mircavadov qol.az saytına müsahibə verib.
Yəqin ki, girişdən başa düşdünüz.
Hə, ancaq qurşaqdan aşağı zərbələr. Fərq etməz, dedikləri gerçəkdi, ya da nəsə…
Futbolçuların, məşqçinin işini hər kəs gördü. Mütəxəssis kimi danışmalıydı Ağa. Görmədiklərimizi deməliydi.
Əşi, nə vaxt deyib ki, indi də deyə?!
Əvəzində ironik tərzdə jurnalistə "Narazılıq var?” kimi sual verib, sualda qəribəlik axtarır və gülür. Gülün! Yazını oxuyarkən çöhrənizdən təbəssümün əksik olmaması arzusuyla, səsləndirdiyiniz fikirləri təhlil edək. Siz gülün, futbolumuz ağlasın.
Diqqət! Ağsaqqal ağıl verir.
Sitat: "Həm nəticə, həm də oyunun səviyyəsi aşağı oldu. Amma məncə, biz bəzi futbolçuları – Bəhlul Mustafazadəni, Emil Balayevi qazandıq. Məşqçi onlara şans verdi, onlar da bundan yaxşı istifadə etdi. Millinin çıxışı haqda danışmaq üçün analiz lazımdır. Analizsiz heç nə demək olmaz. Nəticə olaraq, təbii ki, cəmi 1 xal qazandıq. Yəni, zəif çıxış etdik. Amma hazırda niyə zəif çıxış etdiyimizi, harda səhvlər etdiyimizi araşdırmalıyıq. Bu günlə iş bitmir. Gələcəyimizə nə ilə başlamalıyıq, hansı yolla getməliyik, bunu da analiz etməliyik”.
Sonuncu cümlədən başlayaq. Seyid, siz dediyiniz gələcək üçün keçmişdə – 2005-2015-ci illəri əhatə edən Dövlət Proqramı tətbiq etdildi. Həmin illərdə Azərbaycan futbolunun qazanması üçün sizin kimi futbol mütəxəssislərimiz ağzına su aldı, Azərbaycan futbolundan qazandı. Ona görə də siz dediyiniz gələcək, gəlməyəcək! Bu bir.
İndi də "Gələcəyimizə nə ilə başlamalıyıq, hansı yolla getməliyik, bunu da analiz etməliyik” deyirsiniz.
Dövlət təqaüdü ala-ala, əlavə 5-10 manat üçün İsi Məlikzadənin Fatısına çevrilənlər, yubileyi üçün klub prezidentinə boyun əyənlər, Azərbaycanca düşünə bilməyənlər, Azərbaycan kimliyini (pasport) dərk etməyənlər və sairlər futbolumuzun gələcəyində olmamalıdı. Bu da iki.
Üçüncüsü… "Bəhlul Mustafazadəni, Emil Balayevi qazandıq” deyirsiz. Bəli, Azərbaycan futbolu qazanıb. Bir maraqlanın, Bəhlul harda və necə ulduz olub. AFFA-nın milyonlarla xərclədiyi lahiyələrdən ortabab bir futbolçu çıxmadı. Əvəzində məhdud imkanlarla, AFFA-nın heç bir qatqısı olmadığı "Sabahın ulduzları” lahiyəsi indi futbolumuza neçə-neçə adlar qazandırıb. Təkcə bu lahiyə AFFA-nın 12 ildə apardığı futbol siyasətini kürüyüb dənizə atır. Sizin dildə dediyiniz, bizim inandığımız Haqq Bəhlulu, Emili millidə oynatdı. Guya siz bilmirsiniz ki, Riad Rəfiyevin siyahısında olmayan millidə oynaya bilməz? Zədələr, ictimai qınaq olmasaydı, Bəhlul, Emil heyətə düşəcəkdi? Guya bilmirsiz ki, sonuncu oyunda Zaur Axundovun xahişi və ya təkidi ilə Vüsal İsgəndərli start heyətə salınıb?
Növbəti sual-cavaba diqqət edin:
– Son nəticələrdən sonra azarkeşlərin həm AFFA, həm də baş məşqçidən narazılığı daha da artıb. Bir mütəxəssis olaraq bu barədə fikirləriniz necədir?
– Narazılıq var?
– Bəli, kütləvi şəkildə.
– Çox qəribə sualdır e. (Gülür) Baş məşqçidən narazılıq olması normaldır. Nəticə 1 xal olanda əlbəttə ki, hamımız narazı olacağıq. Onun da taleyini AFFA İcraiyyə Komitəsi həll edir. İcraiyyə Komitəsi nə qərar versə, o da olacaq. Yenə də bir mütəxəssis olaraq deyirəm, məşqçinin işini analiz etmək lazımdır. Məşqçi hesabat verməlidir. Hər bir oyunun hesabatı olmalıdır. Yığmaya dəvət olunan oyunçular arasından hansı oynamağa layiqdir, hansı yox, bunların hamısı analiz şəklində deyilməlidir. Bundan sonra qərar çıxarmaq olar. Bir də ki, bundan sonra hansı yolla getməliyik, bu, müəyyən olunmalıdır. Bu turnir bitdi, amma bunun sabahı da var, axı. Qarşıdan Millətlər Kubokunun oyunları gəlir, onda biz nə edəcəyik? Ona görə indidən biz bu işləri görməliyik. Klublarda iş birliyi olmalıdır. Necə edək ki, klublardakı oyunçular milliyə hazır vəziyyətdə gəlsinlər. Təlim-məşq toplantıları olmalıdır, bölgü olmalıdır, bunların hamısı şərtlərdir. Ondan sonra nəsə əldə etmək olar.
Fikir verin, sualda həm AFFA, həm də baş məşqçidən narazılıq qabardılır. Ağasəlim müəllim, ancaq məşqçidən danışır. Çünki, el ağsaqqalımız Məmmədovun dərkənar qoymadığı söhbətə baş qoşa bilməz. Bu, həqiqətən belədi.
Sonda bir sitat da gətirim:
– Belə uğursuz nəticə son dəfə sizin baş məşqçi olduğunuz dövrdə – Avro-96-nın seçmə mərhələsində qeydə alınmışdı.
– Məgər o vaxtla indiki birdir? Üstündən 24 il keçib. Siz o vaxt heç anadan olmamışdınız.
Ehh, Ağasəlim müəllim, siz futbolla məşğul olanda Elxan Məmmədov hardaydı? Əgər uşağın sualından qıcıq olursunuzsa, üç aşağı, beş yuxarı, təxminən eyni dövrün uşağı – Məmmədovun dedikləri ilə niyə oturub durursunuz?
Niyə nala-mıxa vurursunuz?
Aşığın sözü qurtaranda "dalay-dalay” edər. Yaş da qurtarır, Ağasəlim müəllim. Həqiqəti nə vaxt biləcəyik, nə vaxt danışacaqsız?
Bizdə adətdi, bir az yaşlanan kimi hamı tövbə edib dinə gəlir. İnanclarında bağışlanmış olduqlarını düşünürlər.
Unutmayın, dediyiniz gələcək, sizi siz edən xalq sizi bağışlamayacaq!
Susun və gülün!
Əli Sahib / fanat.az