“Slovakiyanın Azərbaycanla oyununu hansı ağılla saat 20:45-ə təyin etdiklərini başa düşə bilmirəm. Qarşılaşma axşam vaxtı keçirilsəydi, 7000 yox, 14-15 min azarkeş gələrdi”.

Futbolinfo.az saytının məlumatına görə, bunu slovakiyalı futbol mütəxəssisi Ladislav Yurkemik deyib.

66 yaşlı mütəxəssis yerli mətbuata müsahibəsində komandalarının AÇ-2020-nin seçmə mərhələsində Azərbaycan millisi ilə keçirdiyi son oyuna münasibət bildirib. O, 2:0 hesabı ilə qalib gəldikləri qarşılaşmada yığmamızın zəif təsir bağışladığını söyləyib: ''Uzun illərdi Azərbaycan kimi zəif rəqib görməmişdim. İlk hissədə onları müdafiəyə sıxdıq. Rəqibin çıxışı dəhşət idi. Yəni bir komanda fasiləyə qədər meydanın mərkəzini necə keçə bilməz? Ancaq futbolçularımız Uelsin Macarıstanı məğlub etdiyi xəbərini aldıqdan sonra sakitləşdilər. Daha sonra tribunalar fitə basmağa başladı''.

Yurkemik seçmə mərhələdəki rəqiblər barədə də fikir bildirib: "Bu oyundan sonra Azərbaycan heç 6-cı səbətə də daxil olmamalıdı. Sadəcə, bizim futbolçular onların səhvlərindən istifadə edə bilmədilər. Ümumiyyətlə, xorvatlar favorit idilər, bunu təsdiqlədilər. Macarıstan və Uels bizim üçün problem olmamalıdı. Və Azərbaycan. Və Azərbaycan? Onlar futbolçu yox, turistdilər”.

Shares: