“Səbail”in qapıçısı Aleksandr Rıbka bu mövsüm komandaya fayda verməyib. Ciddi zədə alan futbolçuyarım ilə yaxındı “çərçivə”ni qorumur. Artıq hər şey geridə qalıb və ukraynalı oynamağa hazırdı. Kamal Bayramovun səhvlərindən xeyli vacib xallar itirən “dənizçilər” bu tur “Sabah”la oyunda onun dönüşüylə dönüş yaratmaq istəyir.
 
7 oyundu qələbəyə həsrət olan “Səbail”in bu durumu Rıbkanı da narahat edir. O, futbolinfo.az saytına açıqlamasında elə buməsələlərdən danışıb.
 
– Qəbələ” ilə oyundakı məğlubiyyəti gözləyirdiniz?
– O məğlubiyyət çox gözlənilməz oldu. Bir həftə ərzində matça hazırlaşmışdıq. Lakin alınmadı və böyük hesabla uduzduq. Qarşılaşmadan sonra çox kədərli idik. Səhvlərə bir də baxdıq, müzakirələr apardıq. Nəticə çıxarmağa çalışdıq.
 
– Zədədən sonra özünü tam hazır hiss edirsən?
– Əlbəttə. Tam hazır vəziyyətdəyəm və bir yoxlama görüşünə də çıxmışam. Qərar baş məşqçinin olacaq.
 
– “Səbail” mövsümə necə yaxşı başlamışdısa, indi bir o qədər pis vəziyyətdədir…
– Mövsüm əla başladıq, 5 oyuna 10 xal yığmışdıq. Gözləyirdik ki, belə də davam edəcəyik. Lakin sonradan nə baş verdisə, komandada geriləmə oldu. Bunun səbəbini bilmirəm. Hər halda, daha çox çalışmaq lazımdı.
 
– Maliyyə problemlərinə görə bir çox legioner klubdan ayrıldı. Sən niyə getmədin?
– Düşünürəm ki, problemlər çox ciddi deyil. Düzdü, bu barədə danışmaq mənim işim deyil. Çünki büdcəni rəhbərlik təyin edir. Onlara bu haqda sual versəniz, yaxşı olar. Maaşlarda gecikmələr var, amma katastrofik həddə deyil.
 
– Yuxarı pillələrə qayıtmaq üçün nə lazımdı?
– Bunun üzərində çalışırıq. Ümid edirəm ki, vəziyyəti düzəldə biləcəyik.
 
– “Sabah”la matça hazırsız?
– Hazırıq. 100 faiz gücümüzlə meydana çıxacağıq. Düşünürəm ki, məşqçi şans versə, mən də komandama kömək edəcəm. Situasiyanı dəyişmək üçün çalışacağıq.
 
– Müqavilən nə zaman bitir? Burda qalmaq istəyirsən?
– 1,5 illik müqaviləm qalır. Burda qalmaq və komandama kömək etmək istəyirəm.
 
FƏRİD
Shares: