Sabah futbol üzrə Azərbaycan Premyer Liqasında 12-ci tura yekun vurulacaq.
Futbolinfo.az xəbər verir ki, “Qəbələ” milli komandaların oyunları ilə əlaqədar yaranan fasilədən sonra ilk matçını “Neftçi”yə qarşı keçirəcək.
“Qırmızı-qaralar” Bakıda qüvvəsini sınayacaq. Paytaxtın “Bakcell Arena” stadionunda baş tutacaq matç iki rəqib arasında 51-ci oyun olacaq. İndiyədək komandalar 50 dəfə üz-üzə gəliblər.
Bu qarşılaşmalarda 17 qələbə qazanıb, 12 heç-heçə edən “Qəbələ” 21 dəfə uduzub. 131 qolun vurulduğu matçlarda paytaxt təmsilçisi üstünlüyə malikdi – 67:64.
Əvvəlki 50 görüşdən 5-i Azərbaycan kuboku, 45-i Premyer Liqa çərçivəsində keçirilib. Çempionat matçlarında 16 qələbəsi olan “qırmızı-qaralar” 9 heç-heçə edib və 20 dəfə məğlub olub. Bu qarşılaşmalarda əyalət təmsilçisi 57 qol vurub, 61-ni buraxıb.
25-ci dəfə “Neftçi”nin qonağı olacaq “Qəbələ” səfər oyunlarında üstünlüyə malikdi. Hər komandanın 9 qələbə qazanıb, 6 heç-heçə etdiyi görüşlərdə “Qəbələ” futbolçuları 32 qol vurub, 29-nu buraxıb.