“Sumqayıt” həm özünü qurtardı, həm Premyer Liqanı. “Qarabağ” üzərində dünənki qələbə sayəsində komanda qışaqədərki hədəfinə çatdı. Ayxan Abbasovun yetirmələri fasiləyə sonuncu olmadan getmək istəyirdi və istəyinə xeyli əvvəl çatdı.
 
Əslində, “Qarabağ”ı yenmək üçün 6 dəqiqə kifayət etdi. İlk yarıda vurduğu qoldan sonra arxayın oynayan, Sevilya səfərini düşünən ağdamlılar hər şeyin rəqib üçün bu qədər uğurlu olacağını xəyal etmirdi. Abbasov fasilədə oyunçuları necə motivasiya etdisə, onlara necə qulaqburması verdisə, ikinci hissədə fərqli “Sumqayıt” gördük. Doğru əvəzetmə, oyuna düzgün yanaşma, istək sayəsində vəziyyət dəyişdi.
 
Əvəzetmədən sonra bir az irəli çəkilən Aleksandr İsayev 3 dəqiqə ərzində Peyman Babayinin dubl etməsinə şərait yaratdı. Ardınca “Qarabağ” azlıqda qaldı və meydan sahibləri qələbə hesabını final fitinə kimi qorudu. Bu, Ayxan bəyin artıq kifayət qədər püxtələşməsinə, müəlliminə əlcək atmasına sübut idi. Sumqayıt şəhərinin 70 illiyinin qeyd olunduğu günlərdə o da bayrama tıhfə verməyi bacardı.
 
“Qarabağ” ciddi düşüşdədi. Yaydan bəri ağır oyunlar keçirən komanda daha əvvəlki kimi parlaq futbol sərgiləmir. Oyunçular həm fiziki, həm də psixoloji cəhətdən yorulub. Komanda sonuncu qələbəni oktyabrın sonunda görüb. Avroliqa matçları bir yana, çempionatda ardıcıl 3 oyundu qələbəyə həsrət qalan çempion izləyirik. Hamımız ağdamlıların titulunu qoruyacağını elan etməyə hazırlaşdığımız bir zamanda xal itkiləri sıralanır.
 
Mövsümdəki ilk məğlubiyyət “Qarabağ”ı ayıltmalıdı. Qarşıda 2 çətin avrokubok oyunu var, hazırda bütün diqqətlər o matçlardadı. Bununla belə, qışa kimi izləyicilərlə xal fərqinin minimuma enməsinə imkan vermək olmaz. Ağdamlılarsa hələlik hücumdakı dişsizliyin əziyyətini çəkir. Komandanın bəlli oyun stilinə qarşı taktiki cəhətdən ağıllı gediş fikirləşincə nəticə qazanmaq mümkünləşir. Abbasov da dünən bunu bacardı, ağıllı oyun qurub, rəqibin zəif cəhətlərindən məharətlə yararlandı.
 
Asmir Beqoviç saqqız çeynəməyində olsun. Əla qapıçı olsa da, “Qarabağ” hələ ki, onun sayəsində hansısa oyunu udmayıb. Nə ciddi qurtarışlarını görmüşük, nə də başqa özəlliyini. Ağdamlıların indiki durumunda məhz ondan daha çox şey tələb olunur. O isə müdafiənin səhvlərini seyr etməklə, dünənki birinci qolda epizodu düzgün dəyərləndirə bilməməsiylə diqqət çəkir.
 
“Sumqayıt” bir anın içində avrokubok zonasında möhkəmlənib. 2-3 uğurlu oyundan sonra potensialını göstərən “kimyaçılar” komanda oyunu sayəsində imkanlı klublara meydan oxuyur. Abbasovun oyunçuları yumruq kimi birləşdirməsi, üzərində çox çalışması, istirahəti unutması bu uğurda önəmli rol oynayır. “Qarabağ” ayılmasa, Premyer Liqada vəziyyət yenidən qarışacaq, çempionluq mübarizəsi aktual olacaq. “Keşlə” və “Neftçi” çətin ki, bu şansdan imtina etsin.
 
Ağdamlılar ilk dəfə 2 qol buraxdı, vurduqları qol isə komanda oyununun nəticəsi deyildi. Standart vəziyyət zamanı canlı səddin düzgün qurulmamasının ardınca müdafiəçi də səhvə yol verdi və hesab açıldı. Halbuki uğursuz mövqe hücumları ilə “Sumqayıt” müdafiəsini qırmaq mümkün olmayacaqdı. Necə ki, qalan vaxtda məhz bunu gördük. “Qarabağ”ın itkiləri, aparıvı legionerlərin formada olmaması da rəqibin uğurunu şərtləndirdi. Lakin əsas məsələ istəklə bağlı idi və bu, meydan sahiblərində daha qabarıq göründü.
 
Tura sürpriz nəticə ilə başladı. Milli komandanın oyunlarına görə yaranan fasilənin digər komandalara necə təsir etdiyini digər 3 matçı izlədikdən sonra biləcəyik.
 
FƏRİD
Shares: