Türkiyə çempionu “Qalatasaray”ın uğurlu seriyasına son qoyulub.

Futbolinfo.az xəbər verir ki, İstanbul təmsilçisi “Türk Telekom Arena”da 41 oyun sonra məğlubiyyət acısı yaşayıb.

Bu, Super Liqanın 12-ci turu çərçivəsində ötən gün baş tutan “Başakşəhər”lə ev oyununda gerçəkləşib. “Sarı-qırmızılar” bu oyundan 0:1 hesablı yenilgi ilə ayrılıblar.

“Qalatasaray” sonuncu dəfə 2016/17 mövsümündə, mayın 6-da keçirilən “Kasımpaşa” ilə ev oyununda 1:3 hesablı yenilgiyə üzülmüşdü. Ondan sonra baş tutan 41 ev oyununda 34 qələbəyə sevinən “cim-bom” 7 dəfə də heç-heçəyə razılaşmışdı. Fatih Terimin çalışdırdığı kollektiv Super Liqada 930 gündən sonra “Türk Telekom Arena”da xalsız qaldı.

Qeyd edək ki, bu, “Qalatasaray”ın cari mövsümdəki üçüncü məğlubiyyətidi. İlk turda “Dənizlispor”a səfərdə 0:2 hesabıyla uduzan İstanbul təmsilçisi “Beşiktaş”la səfər matçından da 0:1 hesablı məğlubiyyətlə ayrılmışdı. Geridə qalan 12 oyunda 5 qələbə, 4 heç-heçəsi olan komanda 3 məğlubiyyətin ardından 19 xalla 6-cı pillədə qərarlaşıb.

“Qalatasaray” üzərindəki qələbədən sonra məğlubiyyətsiz oyunlar seriyasını 10-a çatdıran “Başakşəhər” isə 22 xalla zirvədə qərarlaşıb.

Shares: