AFFA-nın baş katibi Elxan Məmmədovun “CBC Sport”da qonaq olduğu verilişdə dilə gətirdiklərindən gün kimi aydın olan bir şey var idi: bu adam futbola, xüsusən də, Azərbaycan futboluna faydalı olduğuna əmindir. Sitat:
“Rəhbərlik düşünsə ki, müqaviləyə xitam verilmə vaxtıdır, mən qərara hörmətlə yanaşaraq, dərhal icra edərəm. Futbola heç nə gətirə bilmədiyimi düşündükləri vaxt bunu edəcəklər. Bu, istefamın hüquqi tərəfidir… İrəlidə müxtəlif layihələr var. Onları mütləq yerinə yetirməliyəm. Bunu edəcəm”.
İroniyanı, sarkazmı, hirsi, məyusluğu, hər şeyi bir kənara buraxaq və sakitcə aydınlaşdırmağa çalışaq. Aydınlaşdıraq, Elxan Məmmədov Azərbaycan futboluna nə verib? Elxan Məmmədov Azərbaycan futbolundan nə alıb?
1. Nə qədər çeynənmiş mövzu da olsa, ilk “gözə girən” Azərbaycan Premyer Liqasıdır. Məmmədovun AFFA-da söz sahibi olduğu 15 ildə Premyer Liqanın səviyyəsi düşə biləcəyi ən aşağı həddə düşüb. Nə mərhum Fuad Musayevin, nə də Ramiz Mirzəyevin dövründə yüksək liqada 8 komanda olmayıb. Mən bildiyim qədəriylə heç 10 komanda da olmayıb. 12, 14, 16, 18…
2. Azərbaycan çempionatı heç vaxt indi olduğu kimi paytaxt çempionatına çevrilməyib. Bu gün Azərbaycan Premyer Liqasında bölgə komandası adına təkcə “Qəbələ” varsa, Fuad Musayevin, Ramiz Mirzəyevin dövründə Gəncə, Tovuz, Şəmkir, Masallı, Lənkəran, Quba, ara-sıra Naxçıvan və başqa rayonlar yüksək liqada klubla təmsil olunub. Azərbaycanın futbol üzrə yüksək liqası heç vaxt, bir daha yazıram, heç vaxt indi olduğu kimi Bakı çempionatına çevrilməyib!
3. Azərbaycan futbolu tarixində klubların AFFA-dan maliyyələşməsi, federasiyadan idarə olunması prosesi də Elxan Məmmədovun baş katibliyi dövründə olub. Qoy, AFFA-nın mərhum prezidenti Fuad Musayevə qarşı müxalifətdə olub mübarizə aparmış Tahir Süleymanov desin, əvvəlki tarixdə belə bir şey olubmu? Yeganə istisna “Şəfa” klubu ola bilər ki, o da Musayevin dövründə milli komandaların baza rolunu oynamaq məqsədiylə yaradılmışdı. Ramiz Mirzəyevin dövründə isə “Turan”ın AFFA-ya yaxın olması haqda sadəcə iddialar var idi və bu, az qala böyük skandal həddinə çatmışdı, AFFA rəhbərliyi buna görə hər gün söyülürdü. İndi isə “Neftçi”, “Səbail”, “Keşlə”, “Sumqayıt” Elxan Məmmədovun baş katibi olduğu federasiyadan asılıdır. Bunu heç gizlətmirlər də. Birinci diviziondakı komandaların isə az qala hamısı AFFA-dan asılıdır, ordan maliyyələşir.
4. Elxan Məmmədovun söz sahibi olduğu federasiyanın birbaşa məsuliyyət daşıdığı milli komandalar… Hörmətli baş katib buyursun, 15 ildə hansısa milli komandanın hansısa uğurunun olduğunu desin. Berti Foqtsla havaya sovrulan, ömrümüzdən çalınan 6 il, Robert Prosineçkili milli komandanın Şimali İrlandiyaya 0:4 hesablı rüsvayçı məğlubiyyəti, Qurban Qurbanovlu yığmanın Millətlər Liqasından “döyülərək” qovulması… Hansını deyəsən? Nəticə nə olub? Məyər, Fuad Musayevin və Ramiz Mirzəyevin dövründə də eyni şeylər baş vermirdi? Onda da indiki kimi uduzmurduq? Elxan Məmmədov niyə elə hesab edir ki, onun milli komandaları daha yaxşı, daha baxımlı, daha şirin uduzur? Məğlubiyyətin ikinci adı olmur, cənab baş katib. Etiraf edin ki, siz 15 il ərzində Azərbaycan milli komandalarının inkişafına nail olmaq əvəzinə, daha da geriyə salmısız. Qoy, stajlı futbol adamları, azarkeşlər desin, Fuad Musayevli “peraşki dövründə” milli komandadakı ruh indikindən daha yaxşı deyildimi? Onda da uduzurduq, indi də uduzuruq, fərq ondadır ki, indi ruhumuz ölüb…
5. Elxan Məmmədov Azərbaycan futboluna verdikləri haqda xəyala dalarkən, yəqin Bakı Olimpiya Stadionunun tikilməsini də öz adına yazır. Bakı Olimpiya Stadionu heç kimin pulunun hesabına tikilməyib. Bu stadion xalqın – neftin puluna inşa olunub. Bakı Olimpiya Stadionu maddi və mənəvi olaraq nə Azərbaycan hakimiyyətinə, nə də Elxan Məmmədova məxsusdur. Stadion neftin pulları hesabına tikilib. Neftdə isə hər bir azərbaycanlının haqqı var. İndi isə başqa bir nümunə. “Keşlə” klubunun bu gün ev oyunlarını keçirdiyi “ASK Arena”nın kimin puluna tikildiyini xatırlatmağa ehtiyac varmı? Mərhum Fuad Musayevin dövündə inşa olunub və UEFA-nın ayırdığı pulların hesabına! Xalqın cibinə girərək yox, UEFA-nın hesabına! Hörmətli baş katib, bəs dağımış, dağılmaqda olan stadionları kimin vicdanına yazaq? Şəmkirdə, İmişlidə, Yevlaxda, Masallıdakı stadionların nə vəziyyətdə olduğunu bilirsiz?
6. Nəhayət, sizin dövrünüzdə yetişən, Avropada ortabab klubda oynaya biləcək tək bircə futbolçunun adını çəkin, Elxan bəy. Ukraynada Kiyev “Dinamo”suna, “Şaxtyor”a qarşı oyun göstərən Samir Əliyev, Kamal Quliyev, Rusiyada karyerası olmuş Emin Quliyev, Türkiyədə yetərincə uğurlu olmuş Rəşad Sadıqov səviyyəsində bir futbolçu yetişdirə bildizmi? Neçə ildir neftin pullarını xərcələməkdən (və ya silməkdən) doymadığınız, bildiyimə görə, özünüzün uğurlu layihələrinizdən saydığınız “Sumqayıt”dan bircə nəfər normal səviyyədə futbolçu çıxıbmı ortaya? Allah xatirinə deyin, ad çəkin, isim verin. Çıxıbsa, hardadır o futbolçular? Hansı Avropa klubunda oynayır, biz görmürük?
Siz heç vaxt istefa verməyəcəksiz, Elxan Məmmədov. Azərbaycanda vəzifə tutanlarda istefa mədəniyyəti heç vaxt olmayıb, olmur, yəqin olmayacaq da. AFFA rəhbərliyinin sizi istefaya göndərməsi də heç vaxt olmayacaq. Çünki o dediyiniz rəhbərlik elə siz özünüzsüz. Qərar verən də, icra edən də siz özünüzsüz. İcraiyyə Komitəsi adlı “kukla teatrı” yaratmısız və Azərbaycan futbolunu istədiyiniz kimi idarə edirsiz. Sizə heç kim heç nə edə bilməz. Dağıdın, Məmmədov, neftin pullarını istədiyiniz kimi dağıdın… Axı siz futbola çooox lazımlı adamsız.
Rəşad Ergün, komanda.az