Əmi, dayı, hansısa vəzifəli qohum hesabına mənsəb sahibi olmaq hələ özünün önəmli adam olmağın demək deyil. Himayədarının əli kürəyindən çəkilincə kim olduğun, nəyə qadir olduğun anlaşılır.
 
“Səbail” diviziona doğru gedir. Sonuncu qələbəsini 4-cü turda qazanan “dənizçilər” heç cür özünə gələ bilmir. Premyer Liqanın startındakı əla nəticələrin davamı yoxdu və komanda autsayderdi. Ardıcıl 8 qələbəsiz oyun və 12 oyuna 11 xal.
 
Bu nəticələrə görə nə baş məşqçini, nə də futbolçuları qınamalıyıq. Aftandil Hacıyev hazırkı heyətlə mümkün olanı edib. Düzdü, son turda “Sabah”a məğlubiyyətdə onun səhvlərinin də rolu oldu. Lakin ümumi nəticələrdə ən az günah sahiblərindən biridi. Heyətdəki 5 legionerdən yalnız biri daim oynayır. Uzun müddətə sıradan çıxan 3 zədəlidən iksi son turda sıraya qayıdıb, biri divizionda baş girləyir. Maaşı komandanın büdcəsindən çox olan Maykl Essyen isə ayda 1-2 dəfə hansısa xeyriyyə matçına, rəsmi dəvətə yollanır və komandaya heç bir faydası yoxdu.
 
Bu şəraitdə Hacıyev Yevgeni Koçukun ətrafına bir neçə təcrübəli oyunçunu və gəncləri yığıb, nəticə qazanmağa çalışır. Ehtiyat qüvvə yetərsiz olduğundan hansısa uğurdan danışmaq mümkün deyil. Vəziyyət o qədər pisdi ki, “Sabah”la son oyunda meydana buraxmağa hücumçu yox idi.
 
Futbolçulara gəlincə, həm təcrübəlilər, həm də istedadlı gənclər var. Lakin klub daxilində elə ab-hava yaradılıb ki, heç kimin sabaha ümidi qalmayıb. Hamı qış fasiləsinin gəlməsini həsrətlə gözləyir. Güman ki, aparıcı oyunçular düşərgəni tərk edəcək.
 
Ötən mövsüm Avropa Liqasına vəsiqə qazanan “Səbail” bu vəziyyətə düşməməli idi. AFFA-nın maliyyəsi ilə dolanan klubun büdcəsinin azaldılması ola bilərdi, lakin bu dərəcəyə salınması onun məhvinə çalışmaq deməkdi. İcraçı direktor Ramin Həsənov AFFA-dakı ağasının əmri ilə xərcləri minimuma endirib, yayda əsas legionerlərin gedişinə nail oldu, indi də yüksək ödənişli futbolçuların çıxıb getməsi üçün onları maaş yubanmaları ilə sıxır.
 
Yaxınlarda klubun növbəti toplantısı olub və büdcənin qışda daha da azalacağı bəyan edilib. Deməli, “Səbail”i diviziona yola salmaq planı utopiya deyil. AFFA çoxdandı mövcudluğu qıcıq doğuran, qurum prezidentinin qohumlarına bahalı oyuncaq kimi tapşırılan kollektivin təbii məhvini reallaşdırır. Mövsümün sonunda “Səbail” diviziona düşəcək və tezliklə varlığını itirəcək. Onsuz da mənasız layihə kimi fikirləşilən bu komandanın dayanıqlı olmayacağı yaradılanda bəlli idi. Baş katib Elxan Məmmədov maliyyə idarəçiliyini öz adamına tapşırsa da, klubda tək söz sahibi olmağı bacarmadı. Qardaşoğlunu ofsaydda qoymaq alınmayınca B planı işə düşdü və klub iflasa sürüklənir.
 
Qardaşoğlu dediyimiz şəxs Tamerlan Abdullayevdi. Klubda dəqiq vəzifəsi yoxdu, amma idarəçilik onun əlindədi. Maliyyəyə qarışmağa tam ixtiyarı yoxdu, nəyi idarə etdiyini özü də bilmir. AFFA prezidentinə söz demək səlahiyyəti qalmayıb, paketini alıb, guya kluba rəhbərlik edir. Bütün qərarları isə Ramin Həsənovun vasitəçiliyi ilə Elxan Məmmədov verir.
 
Tamerlan bəy Tale Heydərov olmağı bacarmadı. Nüfuz, bacarıq, qabiliyyət baxımından onsuz da müqayisələri mümkün deyil, siyasi-taktiki savad baxımından da Abdullayev çox geridədi. Heydərov “Qəbələ”nin yeni mövsümdə iddiasını itirəcəyini bildiyindən ötən yaz prezident postundan istefa verdi. O, bu addımla uğursuz idarəçi adından qurtuldu, Qəbələdə böyük infrastruktur yaratmış, klubu Avropada tanıtmış biri kimi futbol sahəsiylə vidalaşdı. Tamerlan bəy isə…
 
“Səbail” məhvə doğru addımladığı bir zamanda Abdullayev hələ də postundadı. Klub diviziona yollanacaq və bu “uğur”un memarı kimi məhz onun adı tarixə yazılacaq. Beləcə biznesmen, iş adamı kimi də nüfuzu zədələnəcək. Faktiki təhkim olunduğu sahədə fiasko yaşayan biri kimi tanıyacağıq onu. Və sabah karyera pillələrində yüksəlmək arzusunda olan biri daha çox “Səbail” kimi uğursuz layihə ilə xatırlanacaq. AFFA prezidenti postundakı mümkün dəyişiklikdən sonra isə onu heç xatırlayan da olmayacaq.
 
Z - Futbolinfo.az
 
Futboldan ikiəlli yapışmağın nə mənası var, Tamerlan bəy? Bəlkə üzüsulu çıxıb gedəsiz? Hər kəs bacardığı işlə məşğul olmalıdı. Gedin, alverinizi edin, çayxana şəbəkənizi işlədin, neft pullarını dost-tanışa dağıtmaqla nə qazanacaqsız? Onsuz da ölkə futboluna yeni adlar bəxş etmək istəyi ilə yaradılmış “Səbail”in bu baxımdan heç bir iş görmədiyi aşkardı. Diviziona yollanmamış gedin, heç olmasa, öz adınızı qoruyun.
 
CAVAD
Shares: