“Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasov Azərbaycan Premyer Liqasının 13-cü turu çərçivəsində qarşılaşdıqları “Keşlə” ilə oyunu şərh edib.
Futbolinfo.az xəbər verir ki, o, 1:2 hesabıyla məğlub olduqları matçdan sonra təşkil olunan mətbuat konfransında bunları söyləyib:
– Rəqibi qələbə münasibətilə təbrik edirəm. Oyunun mahiyyətini bilirdik. Çalışdıq ki, oyunçuları hazır edək. "Qarabağ"la oyundan sonra hazırlıq bir az çətin idi. Hiss olundu ki, o qalibiyyətin havasındayıq. İkinci hissədə pis oynamadıq. Yuxarıda olmaq təzyiqdi. Bizim bəzi futbolçularımız gəncdi. Belə təzyiqlə oynamaq çətindi. Çalışacağıq ki, "Qəbələ" ilə oyuna yaxşı hazırlaşaq.
– Bu oyunda təcrübəli müdafiəçiləriniz və qapıçınız inamsız təsir bağışladı. Təcrübəli futbolçuların səhvinə görə uduzduğunuzu düşünmürsüz?
– Günahı hansısa futbolçunun üzərinə atmaq istəmirəm. Əlbəttə, səhvlər var. Ancaq komanda olaraq uduzduq. Rəqibin necə hücum edəcəyini bilirdik. Müdafiəçilərimiz səhvlər etdi. İlboyu eyni gücdə oynamaq istedad tələb edir. Biz hələ o vəziyyətdə deyilik.