– Mikayıl müəllim sizi yola versəydi, yəqin ki, bu məsələləri açmazdız…
– Əlbəttə. Mənə nə lazım idi? Düzgünlük! Bu prinsiplə razılaşsaydı, qanunsuz işlər görməsəydi, ondan şikayət etməzdim. Lakin prinsipə getdi, sonu da bəllidi. Xüsusilə uşaq komandalarına qarşı çox amansız idilər. Komandalarımız ezamiyyələrə yollanır, oyunlara çıxırdı. Onlar üçün su, banan, “Snikers” qoyulurdu – hamısı vacib idi, uşaqlar qidalanmalıydı. Hər səfərdə təqribən 30-40 manat edirdi. Nərimanoğlu Samirə vəzifə verib, məni kənarlaşdırdığı gün iclas keçirib, bu xərcləri dayandırmışdı. Guya ki, büdcə çatmırdı. Ən vacib, diqqət yetirməli olduğumuz sahə uşaq futboludu, o isə öz qazancına görə məhz uşaqların boğazından kəsirdi. Uşaqların səfər vaxtı yolda qidalanmasında da dəyişiklik etmiş, ən pis şəraiti yaratmışdı. Bununla barışa bilməzdim, qarşısını aldım və münaqişəmiz böyüdü. Özüm üçün pul istəmirdim, büdcənin daha xeyirli şeylərə xərclənməsinə çalışırdım. Qənaət etdikləri məbləği onsuz da sənədləşdirirdilər, sadəcə, kəsilən pul cibə gedirdi. Qoçaqlığına, işgüzarlığına söz ola bilməz, amma maliyyə məsələsinə gələndə başqa adam olurdu. Onu da deyim ki, pul məsələsindəki axsamanı gəlib Gəncədə öyrənmişdi. Bəlkə də məndən əvvəlki rəhbərlərdən. Mən gənc nəsiləm, 34 yaşım var, amma gəncəli veteranlar da düz işləmirdi. Onların verdiyi müsahibələrə, ondan sonra iş alıb susmalarına diqqət edin. Bu, təsadüf deyil. Onların hərəkətlərindən utanıram. AFFA-nı tənqid edirlər, sonra hansısa vəzifə alıb susurlar. İndi Allahverdiyev qardaşlarının iş istədiyini yazırlar. Guya işləyəndə nə edirdilər? Hamı deyir ki, “can qoymuşam”. Bəli, amma əvəzində yaxşı pul almısız, heç kim havayı işləməyib.
– Sizə də bu müsahibədən sonra iş təklif edə bilərlər. Susacaqsız?
– Gizlətmirəm – iş istəmişəm, istəyirəm. Amma susmaq üçün yox, layiqli işlər görmək üçün. İş hamıya lazımdı. Bu dövlətin oğluyam, ona da xidmət etməliyəm. Doğruluqla, düzgünlüklə. Olanı demişəm, mənimlə prinsip aparıblar. Ailə sahibiyəm, 3 övladım var, ali təhsilliyəm, idman ustasıyam. Təbii ki, işə ehtiyacım var. Sağlam düşüncəliyəm, enerjiliyəm, dövlətimə qulluq etmək istəyirəm, lakin onlar istəyən kimi yox, doğrusu necədisə elə. İşlədiyim müddətdə baş katib bir dəfə kim olmağımla maraqlanmayıb, görüş istəmişəm, qəbul etməyib. Həmin hadisələrin sonunda mən də işimlə vidalaşdım və adını qoydular ki, bu məsələlərdən çoxdan xəbərdar olsam da, bildirməmişəm. Amma kimsə düşünmədi ki, mənə AFFA-da qulaq asan olmayıb. Nərimanoğlu elə şərait yaratmışdı ki, “Kəpəz”dən yalnız onu tanıyırdılar.
– Sizcə, “Kəpəz”in büdcəsindən yoxa çıxan həmin məbləğə görə Mikayıl bəy məsuliyyətə cəlb edilməli idimi?
– Problemi öz aralarında həll etdilər. Çatışmayan məbləği hər hansı şəkildə düzəldib yerinə qoydular.
– Elxan müəllimin də günahı var idi?
– Bəli. Ən böyük günahı Gəncəyə təhkim etdiyi insanın hər sözünə inanması, onu heç yoxlamamasıdı.
– Bəlkə də AFFA-nın maliyyələşdirdiyi digər klublarda da Gəncədə aşkarlanan qanunsuzluqlar mövcuddu.
– Əmin olun ki, elədi. Xərclərin şişirdilməsi, əlavə mənbələr göstərilməsi AFFA-nın sistemindən qaynaqlanır. Nərimanoğlu ona irad bildirəndə hər dəfə bildirirdi ki, biz belə işləyirik, hamısında belədi. İsrarla Elxan müəllimin hər şeydən xəbərdar olduğunu, belə işləməyi məsləhət gördüyünü vurğulayırdı. Mən işimi sevdiyimdən məsələlərin üstünü açdım və kənarda saxlandım, o biri klublarda, AFFA-nın özündə isə bu insanlara, yanlış sistemə qarşı çıxan yoxdu, davam edirlər. Elxan müəllimin kim xoşuna gəlirsə, onlar da işləyir.
(davamı olacaq)