"Sabah"ın honduraslı hücumçusu Rocer Roxas Azərbaycan Premyer Liqasının 14-cü turunda evdə "Neftçi"yə 0:2 hesabı ilə məğlub olduqları matçdan sonra müsahibə verib. O, həm matçdan, həm də gələcək karyerasından danışıb.
– Mənə görə çox ağır matç oldu. Birinci hissədə yaxşı oynayırdıq. Amma çox təəsüf ki, ilk hissənin sonlarına yaxın standart vəziyyətdən qol buraxdıq. Oyun bundan sonra tamamilə dəyişdi. İkinci hissədə çox boşluqlar verdik. Çünki hesabı bərabərləşdirmək istəyirdik. "Neftçi" bundan istifadə edib, bizi əks-hücumda yaxaladı. Çünki hamımız irəlidə idik. Bu da futbolun bir hissəsidi.
– "Sabah"ın problemi nədir? Niyə belə qeyri-sabit çıxış edir?
– Bəlkə də ev oyunlarımızda bir az gərginlik olur. Çalışmalıyıq ki, qış fasiləsindən sonra həm ev, həm də səfər oyunlarında daha çox xal götürək. Çünki xüsusilə ev oyunlarında biz bunu etməsək, nəticəsi ağır olacaq. Evdə keçirdiyimiz matçlarda sabit çıxış etməyə çalışmalıyıq.
– Qış fasiləsinə qədər olan oyunu necə dəyərləndirirsiniz? Yəqin ki, sizin də ürəyinizcə deyil.
– Çempionatın ilk oyunları yaxşı başlamadı. Sonra müsbətə doğru bir az dəyişiklik oldu. Bu oyun bizim üçün çox önəmli idi. Xal qazansaydıq, yuxarı pillələrə daha da yaxınlaşa bilərdik. "Neftçi" böyük klubdur. Bu gün ölkənin ən yaxşı komandasını uda bilərdik.
– Öz çıxışınızla bağlı nə deyə bilərsiniz? Niyə oyununuz alınmır? İlk qolunuzu sonuncu dəfə kubok matçında divizion komandasına vurdunuz. Nə üçün güclü rəqiblərə qol vura bilmirsiniz?
– Cavabını bilsəydim, deyərdim. Çempionat çox güclüdür. Bəxtiszliyimdəndir, nədəndir, bilmirəm. Həmişə mən meydana daxil olanda biz hesabda geri oluruq. Rəqib daha çox geri çəkilir. Mən boşluğu sevən oyunçuyam. O boşluğu tapa bilmirəm. Bu qarşılaşmada da elə oldu. Meydançaya daxil oldum, "Neftçi" də mərkəz müdafiəçisini oyuna daxil etdi. Cəmi 4 dəfə ayağıma top dəydi.
– "Sabah"ın ən uğursuz transferləridən hesab olunursunuz. Bu fikirlə razısınızmı?
– Bir az sadə olub, özünü tənqid etməyi də bacarmaq lazımdır. Mən boynuma alıram ki, hücumçu oynamalıdır. Məsələn, bir görüşdə 5 dəqiqə, digərində 30 dəqiqə meydanda olmuşam. Nə deyim, bu, məşqçinin seçimidir. Hörmətlə yanaşmalıyıq. Sənin əvəzinə meydançada oynayan komanda yoldaşına da dəstək olmalısan. Bu, mənim futbol görüşümdür.
– Qarşıdan kubok oyunları gəlir. Bu barədə nə deyə bilərsiniz?
– Bu matçlar bizim üçün çox önəmlidir. Deyə bilərəm ki, ölüm-dirim oyunlarıdır. Çünki bu görüşlər 180 dəqiqədən ibarətdir. Biz ağıllı hərəkət edərək, bacardığımız qədər irəliləməliyik. Məncə, "Sabah" səfərdə daha yaxşı çıxış edir. Evdə niyə bu qədər zəif oynadığımız bilmirəm. Çalışmalıyıq ki, yaxşı nəticə əldə edərək, geri qayıdaq.
– Qış fasiləsindən sonra komandada qalacağınıza inanırsınız?
– Mənim may ayınadək müqaviləm var. Ümid edirəm ki, nə isə qəribə bir şey olmayacaq.