Qətərdə keçirilən Körfəz Kuboku turniri başa çatıb.
Futbolinfo.az saytının məlumatına görə, yarışın qalibi finalda Səudiyyə Ərəbistanını 1:0 hesabı ilə məğlub edən Bəhreyn olub.
Turnir Oman yığmasının kapitanı Əhməd Mübarək üçün əlamətdar olub. Belə ki, 34 yaşlı yarımmüdafiəçi yığmada oyun sayını 179-a çatdırıb. Bununla o, italiyalı Canluici Buffon (176), meksikalı Klaudio Suares (177) və Səudiyyə Ərəbistanından olan Məhəmməd əl-Dayini (178) geridə qoyub.
Dünya futbol tarixində ikinci pilləyə yüksələn Əhməd Mübarək yalnız Misir millisində 184 görüşdə iştirak edən Əhməd Hassandan geri qalır.
2003-cü ildən Oman millisinə çağırılan Mübarək yığma karyerasını bitirməyə hazırlaşmadığını söyləyib.