2. Aşağı yaş qruplarından ibarət milli komandaların baş məşqçiləri ilə əlaqədar müzakirə
Hamısı çıxış etdiyi qrupda sonuncu yeri tutan komandaların nəyi müzakirə olunacaq? Hansısa məşqçini işdən çıxarmaq, hansınısa təsadüfən qazandığı xala görə yerində saxlamaq çıxış yolu deyil. Ümumi mənzərə acınacaqlıdı, faciəvidi. Və məşqçi əvəzləməklə, kimisə danlamaqla heç nə dəyişməyəcək.
Bütün milli məşqçiləri aşkar şəkildə deyirlər ki, kadr yoxdu, uşaq futbolunda vəziyyət faciəvidi. Bu səbəbdən uşaq futbolunun ümumi durumu müzakirəyə çıxarılmalı, 12 il ərzində heç bir iş görülməməsinin hesabatı verilməlidi. AFFA-nın indiki rəhbərliyi hakimiyyətə gələrkən düzgün təməl yaratsaydı, o zaman 6-7 yaşı olan uşaqlar indi milli komandamızda rəqabət mühiti yaratmalıydı. Lakin o qədər bərbad işlər görülüb ki, bu gün hətta say düzəltmək olmur.
Yaşar Vahabzadə, Təbriz Həsənov, onları əvəzləyən Zaur Həşimov, Ramin Quliyev və başqaları getdi, indi də yeniləri işləyir. Nə dəyişib? Hər gün uçurumun dibinə doğru yuvarlanırıq. Deməli, “başlar”ın dəyişməsi zamanıdı. Futbola yeni düşüncə, yeni baxış gəlməlidi. Və bu, indiki, İK-nın, katibliyin, bütün AFFA rəhbərliyinin bacaracağı iş deyil. Bacarsaydılar, 12 il ərzində nəsə edərdilər.
Artıq qeyd etdiyimiz kimi, İK-nın toplantısında bu məsələnin əvəzinə uşaq futbolunun ümumi durumu müzakirə edilməli, birinci vitse-prezident olan, həm də uşaq futbol federasiyasına rəhbərlik edən Rauf Əliyevin hesabatı dinlənilməlidi. O, həmçinin “banisi” olduğu Berlin futbol məktəbinə xərclənən milyonların qarşılığında hansı yetirmələrin üzə çıxdığını bəyan etməlidi.
Bu məsələylə bağlı AFFA-nın bütün uşaq liqalarında yarışları təşkil edən Yusif Vəliyev də dindirilməlidi. İclasa dəvət edin, gəlib milli komandalara səviyyəli namizədlərin niyə yetişmədiyini açıqlasın. Sosial şəbəkədə Elxan Məmmədovu müdafiə edən, təbliğatına böyük maliyyə sərf edilən azarkeş səhifəsi işlətmək, televerilişlərə marketoloq kimi çıxmaq başqadı, təməl olan uşaq-gənclər futbolunu idarə etmək başqa. Buyursun, hansı işinə görə aylıq 5 min manat “paket”ə layiq görüldüyünü göstərsin.
3. Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin AÇ-2020-nin seçmə mərhələsi ilə bağlı hesabatı
Bu məsələ iclasın ana məsələsi sayılır. Bəlkə də elə onun istefaya göndərilməsi ilə süni hay-küy yaradılacaq və əsas məsələlər unudulacaq. Amma xorvatın hesabatı hələ təyinatı zamanından hazırdı. Mətbuat yazır, mütəxəssislər obyektiv proqnozunu verirdi. Bu faciəvi sonluq gözlənilirdi, indi Yurçeviçi divara dirəməyin nə mənası var?
Bir il öncəyə qayıtmalıyıq. Onu gətirən, təklif edən katiblik yaxasını kənara çəkməməlidi. Yurçeviç yeganə əsas namizəd kimi göstərilmişdi və İK-nın başqasını seçmək şansı yox idi. Var idisə, açıqlasınlar və bir yerdə cavab versinlər, yox idisə, Elxan Məmmədov yanlış seçimin səbəblərini desin. Milli komandanı təcrübə dovşanına çevirmək nəyə lazım? Bütün uğursuzluğu boynuna yıxmaq üçün seçdiyiniz “qurbanlıq” bu rola görə 1 milyon avro alıb, onun nə vecinə, müqaviləsi bitir və gedir. Bəs, onu seçənlərin aqibəti nə olacaq? Heç nə? Nəvaxta kimi?
Berti Foqts, Robert Prosineçki bu ölkəyə nə fayda verdi ki, daha zəif, uğursuz birindən nəsə gözləyək? Kiminsə qazandığı nisbətən çox xalı gözə soxub, baş aldatmayın, San Marino kimi rəqibləri gözləyə-gözləyə onların səviyyəsinə düşmüşük. Əcnəbi məşqçilərin gəlişinə görə 50 min avro alan menecer-prezident Riad Rəfiyevi, onun hamisi Elxan Məmmədovu məşhər ayağına çəkin, qovun, Yurçeviçi yox. Axı, bu qədər səlahiyyət verdiyiniz baş katib sizin səsləriniz sayəsində illərdi o postda əyləşib, cənab İK üzvləri.
(davamı olacaq)