"Neftçi"nin yeni sponsoru müəyyənləşdi. "Ağ-qaralar" bu gün “Bakcell Arena”da bununla bağlı təqdimat mərasimi və mətbuat konfransı keçirdi.
Paytaxt təmsilçisinin yeni sponsoru "Buta Global Enerji-Tekstil" şirkətidi. Tərəflər 2 il müddəti nəzərdə tutan əməkdaşlıq müqaviləsini tədbirdəcə rəsmiləşdirdi.
Tədbirdə "Neftçi"nin prezidenti Kamran Quliyev, Media və marketinq departamentinin rəhbəri Rüstəm Allahverdiyev, paytaxt təmsilçisinin bəzi futbolçuları, "Buta Global Enerji-Tekstil"in baş direktoru Muhterem Ermez, qurumun PR meneceri Səməd Nəsibov iştirak etdi. Anlaşmaya görə, şirkət klubun əsas komandasının rəsmi geyim tərəfdaşı olacaq.
"Son qələbənin ardından hamının əhvalı yaxşıdır. Klubumuzu tanıtmağa ehtiyac yoxdur. Ölkənin ən titullu, ən çox azarkeşə sahib komandasıyıq. Tarix boyu klubumuz nəinki Bakını, bütün ölkəni təmsil edib. Türkiyədə böyük “dördlük” varsa, Azərbaycanı təmsil edən klubların başında həmişə "Neftçi" gəlib. Türkiyə yığması Avropa çempionatında oyunlarını Bakıda keçirəcək. Onlara uğurlar arzulayıram" – bu sözləri Kamran Quliyev imzalanma mərasimindəki açılış nitqində söylədi.
Onun sözlərinə görə, rəhbəri olduğu klub hər şirkətlə işləyə bilməz: "Biz yeni ortaqlar axtarırıqsa, bəzi təşkilatlar da bizimlə əməkdaşlıqda maraqlıdır. Onlar da özlərini daha geniş auditoriyaya çatdırmaq istəyirlər. “Sarar” markası Azərbaycanda çox tanınan, qapılarını müştərilərə açan brenddir. Türkiyədə böyük ticarət mərkəzlərində bu brendi görmüşəm. “Neftçi” hər brendlə işləyə bilməz. “Sarar” adına görə də, işinə və səviyyəsinə görə də “Neftçi”nin uzunmüddətli partnyoru ola bilər. Bu şirkətə təşəkkürümü bildirmək istəyirəm. “Neftçi” ailəsinə xoş gəlmisiniz. İnanıram ki, azarkeşlər bu markanı daha yaxın hiss edəcəklər".
Quliyev bildirib ki, hazırkı çətin dövründə Azərbaycan futboluna dəstək olmaq ciddi addımdır: "Futbolumuz parlaq dönəm yaşamır, çətinliklər mövcuddur. Hər dövrün öz göstəricisi var. Bəzən komandalarımız daha yaxşı çıxış edir. Futbolda sabitlik formulu yoxdur. Bu dövrdə hər hansı təşkilat futbola dəstək verirsə, yatırım edirsə, bu, alqışalayiqdir. İnanmaq istəyirəm ki, digər şirkətlər də futbola dəstək olacaq, futbol xalq oyunudur. Biz digər idman növlərində uğur qazanırıq, amma futbola maraq sönməyib. İstənilən dövrdə bu idman növünü izləyənlər çox olub. Belə çətin dövrdə futbola dəstək olmaq böyük işdir. Buna görə təşəkkür edirik".
“Buta Global Enerji Tekstil”in baş direktoru Muhterem Ermez isə çıxışında “Neftçi”yə hər zaman dəstək verəcəklərini söylədi: “Hər kəsə təşəkkür edirəm. “Buta Global Enerji Tekstil” olaraq Azərbaycan və Türkiyədə 2012-ci ildən fəaliyyət göstəririk. Enerji və telekommunikasiya sahələrində fəaliyyət göstəririk. Bizə bu fürsəti yaradan hər kəsə təşəkkür edirəm. Şirkətimiz 2012-ci ildə Türkiyədə yaranıb. Tekstil və telekommunikasiya sahəsində öncüllərdən biriyik. AZAL-ın rəsmi tədarükçülərindənik. Bundan sonra ölkənin böyük klublarından birinə geyim sponsoru olacağıq. Çox qürurluyuk. İnşallah, klub Avropada, dünyada səs gətirəcək nəticələrə imza atacaq. Biz hər zaman dəstəyimizi verəcəyik. Türkiyədə milli komanda sponsorluğu olub. Basketbol da var idi. Azərbaycanda hazırda futbolla maraqlanırıq. Bura gəliş səbəbimiz “Neftçi”di. Bu klubun rənglərinə aşiqik. Türkiyədə də “Beşiktaş”a azarkeşlik edirik. Bizdə rəngli olmur, sadəcə “ağ-qara”.
İndiyədək bir neçə bu tipli müqavilə bağladıqlarını, hazırkı əməkdaşlığın da sonuncu olmayacağını bildirən klub prezidenti daha sonra jurnalistlərin suallarını cavablandırdı.
– "Sarar"ın “Qəbələ” ilə müqaviləsi olub. Onların aqibəti göz önündədir. Qorxmursunuz ki, eyni durumla üzləşəcəksiniz?
– “Qəbələ”nin son illərdə qazandığı uğurlar Azərbaycan futbolu üçün nümunədir. Xüsusən də uşaq futbolu ilə bağlı. İnanıram ki, “Qəbələ”nin aqibəti yaxşı olacaq. “Sarar"ın “Qəbələ”yə xeyri dəyib, ziyanı olmayıb.
– Ötən il Türk Hava Yolları ilə müqavilə bağlamışdınız. Bəlkə bunun yolunu Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevə də öyrədəsiniz. Həmişə gileylənir ki, sponsorlar gəlmir…
– Bu, son müqavilə deyil. Gələcəkdə də tərəfdaşlarımız olacaq. Bu prizmadan baxmazdım. Əvvəllər PFL-in “Unibank”, “Topaz” kimi sponsorları olub. İnanmaq istəyirəm ki, PFL-in də işi alınacaq. Ramin müəllim təcrübəli adamdır. PFL-ə yeni sponsor arzulayıram.
Qeyd edək ki, “Neftçi”nin əsas komandasını rəsmi geyimlərlə təmin edəcək “Sarar”ın loqosu həmin məhsulları bəzəyəcək. Müqavilənin dəyəri rəsmən açıqlanmasa da, öyrəndik ki, yeni tərəfdaş hər il təqribən 100 min manat xərc çəkəcək.
CAVAD