“Hardasa bir ay bundan qabaq normativi verə bilməmişdim. Səhhətimdə bir az problem var idi. Qaçış testindən buna görə kəsilmişdim".

Futbolinfo.az xəbər verir ki, bu sözləri Rəhim Həsənov deyib. Bir müddət öncə fitness-testdən kəsildiyi üçün təqribən 1 ay müddətinə oyunlara təyinat almayan FİFA referisi artıq normativi verdiyini bildirib: "İki həftədi, normativi vermişəm. Artıq fəaliyyətdəyəm. Son 1 ayda təyinat almamağım testdən keçə bilməməyimlə bağlı idi".

Təcrübəli hakim bu həftə Azərbaycan kubokunun 1/4 final mərhələsində keçiriləcək oyunlara təyinat alıb-almayacağı ilə bağlı bunları söyləyib: "Vallah, nəsə desəm, yalan olar. Təyinat işinə biz qarışmırıq. Bu, sırf departament tərəfindən tənzimlənir. Mən özümü hazır hiss edirəm. Normativi vermişəmsə, deməli, hər şey qaydasındadı".

Həsənov son vaxtlar bir qədər kölgədə qalmasına da münasibət bildirib: "Siz deyirsizsə, deməli, elədi. Mənə də elə gəlir ki, kölgədə qalıram. Amma bunun nə ilə bağlı olduğunu deyə bilmərəm. Bu, komitəyə məxsus sualdı".

FİFA referisi AFFA Hakimlər Komitəsinin sədri Frits Stuxliklə münasibətləri haqda isə bunlari deydi: "Özümdə hər hansı geriləmə hiss etmirəm. Həmin hakiməm. Bu mövsüm 4 oyun idarə etmişəm. Şükür Allaha, hamısı yüksək səviyyədə olub. Yəqin, siz də görmüsüz. Qalan şeylərə qarışa bilmərəm. Bunlar komitədaxili məsələlərdi. Cəmi 4 oyuna təyinat almışamsa, deməli, Stuxliklə münasibətlərimiz yaxşı deyil. Yəqin, buna görədi". (Sportinfo.az)

Shares: