"Qarabağ"ın bosniya və herseqovinalı qapıçısı Asmir Beqoviç ölkəsinin mətbuatına geniş müsahibə verib.

Futbolinfo.az xəbər verir ki, 32 yaşlı qolkiper söhbətə yığmanın sabiq baş məşqçisi Robert Prosineçki ilə münasibətlərindən danışmaqla başlayıb:

"Bilmirəm, niyə haqqımda bu qədər şayiə yayıldı. Mən ilk gündən millidə oynamağa hazır idim. Prosineçki ilə danışmışdım. Bütün digər oyunçular kimi dəvət gözləyirdim. Amma o, hər dəfə mənə bir söz deyirdi, mətbuatda isə başqa fikirlər səsləndirirdi. Yalan danışması məni daha çox məyus etdi. Baş məşqçiyə problemlərimi danışdım və istədiyim cavabı aldım. Bildirdim ki, dediyim sözlərin arxasındayam. O isə məni aldatdı. Düşünürəm ki, 10 il millinin formasını geyinmiş biri olaraq, buna layiq deyiləm. İstənilən qərara hörmətlə yanaşıram.

Ancaq Prosineçkinin yalandan bəzi oyunlarda oynamaq istəmədiyimi deməsini qəbul edə bilmirəm. Yenə deyirəm, mənim heç kimlə problemim olmayıb. Problemi həll etmək üçün Sarayevoya mənimlə danışığa gəldi. Dürüst davranacağını söyləsə də, bacarmadı. Öz işidir. Bir neçə səbəbi var idi. Amma onları heç vaxt mənim üzümə demədi. Sadəcə, nağıl danışdı. Mən isə hər şeyi arxa planda saxlamağa, ictimaiyyətə bildirməməyə çalışdım. Çünki milli komandanın nəticələri və uğurları birinci dərəcəlidir. Baş məşqçinin kimliyindən asılı olmayaraq, hər zaman millidə oynamağa hazıram".

Mövsümün əvvəlində icarə əsasında "Qarabağ"a qoşulan Beqoviç paytaxtımızdan da söz açıb: "Uzun müddətdir İngiltərədə yaşayıram. Hətta orada təhsil almağa da başlamışdım. Bütün futbolçuları, stadionları, məşqçiləri, hakimləri tanıyıram. Hər zaman yeni nələrsə etmək istəmişəm. Düşünürəm ki, "Qarabağ"a keçidim bu mənada əla gediş idi. Bakı haqda bəzi əsas məlumatları bilirdim, amma xoş sürprizdən qaçmaq mümkün deyil. Şəhər həqiqətən əladır, insanlar çox yaxşıdır. Klubda hər şey yüksək səviyyədə təşkil olunub. Ona görə də hazırkı vəziyyətdən razıyam".

Azərbaycan futbolunun səviyyəsinə də toxunan təcrübəli qapıçı müsbət fikirlər səsləndirib: "Bayaq da dediyim kimi, "Qarabağ" həqiqətən yaxşı təşkilatlanmış klubdur. Hətta onu böyük Avropa klubları ilə də müqayisə etmək olar. Öz bazamız var. Klubda çalışan insanlar işlərini yüksək səviyyədə görürlər. Deyə bilərəm ki, "Qarabağ" Avropa klublarından elə də geri qalmır. Çempionat kifayət qədər yaxşıdır. Çoxlu pul qoyulur, ölkədə kifayət qədər əcnəbi futbolçular var. Yerli oyunçular da əzmkardır və legionerlərdən geri qalmamağa çalışırlar. Məni yerli infrastruktur və meydançaların vəziyyəti də heyrətə gətirdi. Hava şəraitindən asılı olmayaraq, heç vaxt pis meydançada oynamadıq".

Yayda daha güclü klublardan təklif alan Beqoviç "Qarabağ"a verdiyi sözə görə onlara "yox" deyib: "Etiraf etməliyəm ki, vəziyyət mənə bir az qəribə gəldi. Çünki son aylarda "Bornmut"da baş verənlərə öyrəşə bilmədim. Onlar məni inandırdılar ki, hər şey yaxşı olacaq. Son ana qədər gözləsəm də, şans vermədilər. İlk təklif "Qarabağ"dan gəldi. Bundan sonra daha bir neçə dəvət aldım. Hansı ki, daha güclü liqa təmsilçiləri idi. Amma sözümün üstündə durdum və "Qarabağ"ı seçdim".

Dekabrın sonunda "Qarabağ"la müqaviləsi başa çatacaq Beqoviç Ağdam klubunda qalmağın əleyhinə deyil: "Gələn ayın əvvəlində kluba hesabat verməliyik. Yalnız bundan sonra nə olacağını görə bilərik. "Qarabağ"a əvvəlki formamı bərpa etmək üçün gəlmişdim və istəyimə nail oldum. Bütün oyunlarda meydana çıxdım, komandanın ən yaxşılarından biri oldum və öz oyunumu tapdım. Klubdakı insanlarla danışmışam. Onlar da əməkdaşlığı davam etdirməyi arzulayırlar. Mənim üçün "Qarabağ"da oynamaq xoşdur. Qalmaq istərdim. Ancaq qərarı yalnız mən vermirəm. Dincəlmək üçün fasiləyə yollanıram. Ailəmlə vaxt keçirəcəm. Bundan sonra nəyin necə olacağını görəcəyik".

Bosniyalı qolkiper üçün Bakıda yeganə problem ailəsindən ayrı qalmasıdır: "Burada olmağımın yeganə pis tərəfi ailəmin mənimlə olmamasıdır. Bu, həqiqətən çox çətindir. İngiltərədə ailə nizamımız var. Hər zaman bir yerdə oluruq. Azərbaycanda qalan hər şey əladır. Bakıda istədiyim hər bir şərait var".

2015-2017-ci illərdə "Çelsi"nin formasını geyinmiş Asmir Beqoviç Antonio Kontenin komandaya gətirdiyi yeniliklərdən də bəhs edib: "O, öz zehniyyətinə görə Joze Mourinyodan xeyli fərqlənirdi. "Çelsi"yə gələndə özü ilə birlikdə 15 nəfər gətirmişdi. Komandada hər şeyi, hətta yeməkxanada içdiyimiz qəhvəni belə dəyişdirmişdi. Artıq daha yaxşısını içirdik (gülür). Bütün top-məşqçilər analiz və taktiki hazırlıqla çox məşğul olur. Konte bu mənada da detallı işləyirdi. Bu isə oyunçuların matçlara fərdi hazırlığına çox kömək edirdi. İş rejimi də kifayət qədər intensiv idi. Demək olar, istirahətimiz olmurdu".

Beqoviç "Çelsi"də çıxış edərkən tanış olduğu klubun rusiyalı sahibi Roman Abromoviçdən də danışıb: "Düzdür, o, çox az danışandır. Amma burada ciddi bir səbəb yoxdur. O, sadə, göz oxşayan və sözü üzə deyən oğlandır. Heç vaxt məşqçilərin işinə qarışmır. Ən azından oyunçular bunu hiss etmirdi".

Shares: