1996-cı il Avropa çempionatının seçmə mərhələsində Azərbaycan yığmasına qarşı İsveçrə millisinin heyətində çıxış etmiş Adrian Knup futbolinfo.az saytına müsahibə verdi. Bakıda 0:1 hesabıyla uduzan komandanın üzvü millimizin tarixdəki ilk qələbəsini xatırladı. O, eyni zamanda həmvətənlərinin Avro-2020-nin final mərhələsində paytaxtımızda keçirdiyi oyunlar barədə danışdı:
 
– Bakıya 1996-cı il AÇ-nin seçmə mərhələsi çərçivəsində səfərinizi necə xatırlayırsınız? Azərbaycan yığmasına 0:1 hesabı ilə uduzmaq necə yadınızda qalıb?
– Heç də yaxşı xatirələrim yoxdur.  Azərbaycan bizi layiqli şəkildə məğlub etmişdi. Həmin oyunda xəyallarımız suya düşmüşdü. Ona görə də xoş xatirələrdən danışa bilmirəm.
 
– Şəhərimizi necə xatırlayırsız?
– Bakı çox dəyişib. 2009-cu ildə Avropa Liqası çərçivəsində “Bakı” klubu ilə qarşılaşma üçün “Bazel”in idarə heyətinin üzvü kimi Azərbaycana səfər etmişdim. Paytaxtınızı görəndə çox təəccübləndim.  Şəhər həqiqətən çox inkişaf etmişdi.
 
– Azərbaycanlı futbolçulardan kiminsə adı sizin yaddaşınızdadır?
– Xüsusi bir oyunçu olaraq kimsə yadımda qalmamışdı. Tək unutmadığım şey komandanın mükəmməl əzmkarlığı və bu əzmkarlıqla bizə qalib gəlmələri idi.
 
– İsveçrə yığması AÇ-nin qrup mərhələsində oyunlarından ikisini Bakıda keçirəcək…
– Ümumiyyətlə, İsveçrə yığması matçlarını harda keçirirsə, buna hazır olmalıyıq. Bakıdakı matçları da böyük həyəcanla gözləyirəm.
 
– Azərbaycan futbolu barədə məlumatınız varmı?
– U-21 yığmamıza cavabdeh şəxs olaraq Azərbaycanın eyni yaşlı yığmasını izlədim. Lakin əsas komanda barədə heç bir məlumatım yoxdur.  Çempionat və millinin çıxışları barədə heç nə deyə bilmərəm.
 
– “Qalatasaray”da çıxış etmisiniz və bilirsiniz ki, Türkiyə və Azərbaycan yaxın ölkələrdir. Türkiyə yığması da matçlarını Bakıda keçirəcək. Sizin milliniz üçün çətin olmayacaq?
– Türkiyə millisi ilə qarşılaşma çox çətin olacaq. Fürsətimizi gözləyəcəyik. Lakin dəqiq bilirəm ki, biz Türkiyəyə qarşı sanki İstanbulda səfər matçı oynayırmış kimi oynayacağıq. Çünki yerli azarkeşlər də onları dəstəkləyəcək.
 
– Türkiyənin də Azərbaycana yaxın olduğunu nəzərə alsaq, xeyli sayda azarkeş Bakıya gələcək. Türk fanatları necə xatırlayırsınız?
– Çox yaxşı xatırlayıram. Bizim üçün həqiqətən çətin səfər matçı olacaq. Mən bu görüşü səfər oyunu adlandırardım.
 
– Bakıya yenidən gəlmək istəyirsiniz?
– Gəlmək istəyirəm, lakin hazırda gəlib-gəlməyəcəyim barədə heç nə deyə bilmərəm.
 
– Şenol Günəşi tanıyırsınız. Milli ilə yenidən tarix yaza bilər. Bu barədə fikirləriniz necədir?
– Onlar futbolu qürurula oynayırlar. Çətin olacaq. İsveçrə Türkiyə ilə matçlara öncədən hazır olmalıdır.
 
AĞA
 
4b8583255acba2fcf5d80cf0810f786c - Futbolinfo.az
Shares: