4. Premyer Liqa klublarına uşaq futbolu üçün UEFA-dan ayrılmış maliyyə vəsaiti ilə bağlı hesabat
Təqdirəlayiqdi. Bəli, klublardan belə hesabatlar istənməlidi. Güman ki, AFFA ciddi pozuntular aşkar edib, əks halda, məsələ İK gündəliyinə düşməzdi.
UEFA-dan klublara göndərilən 507 min avronun hansı məqsədlərlə xərcləndiyi müzakirə olunacaq, onların hesabatına baxılacaq. Lakin yaxşı olardı ki, sənədlər mətbuata da açıqlansın, klubların uşaq futboluna ayrılan vəsaiti təyinatı üzrə xərcləyib-xərcləmədiyinə baxaq.
Bu siyahıda “Qarabağ” və “Sabah” klubları olmayacaq. Ağdamlılar Çempionlar Liqasına vəsiqə qazandığından bu vəsait onlara çatmamışdı, əksinə, məhz həmin uğur sayəsində digər klublar sözügedən məbləği görmüşdü. “Sabah” isə debütant olduğu üçün o zaman paydan məhrum qalmışdı. Digər klublardan akademiyası olan “Qəbələ”nin yəqin ki, hesabatla bağlı problemi olmaz, bu məbləğ gələndən sonra şıdırğı alverə girişən, ardıcıl transfer edən “Zirə”, “Keşlə”, “Sumqayıt”, “Səbail” kimi klubların hesabatlarını isə maraqla oxuyardım.
İstənilən halda, pulun xərclənməsi baxımından fəaliyyətləri şübhə doğuran klubların əksəriyyəti şura komandalarıdı. AFFA-nın “öz övladlarının” ərköyünlüyünə necə münasibət göstərəcəyi maraqlıdı. Eyni zamanda “Kəpəz”ə çatacaq milyon manatın hara sərf edildiyini də bilmək istəyirik. Klub diviziona düşdükdən sonra 507 min avronun olmayan uşaq komandalarına xərclənməsi mümkünsüzdü. Bəs, hara gedib? Təyinatı üzrə xərclənməməsinə necə don geyindirilib? Hörmətli İK üzvləri həm də idarəçi olan katiblikdən buna aydınlıq gətirilməsini istəməlidi.
Ümumiyyətlə, UEFA-nın ödədiyi vəsaitləri təyinatı üzrə xərcləməklə bağlı qəti tapşırığı var. Klublar bundan yayınırsa, büdcələrini istədikləri kimi yönəldirsə, haqq qazandıra bilmərik. Lakin bu istiqamətdə qanunsuzluğun təməlini elə AFFA özü qoyub. Elxan Məmmədov xatırlayar: 2012-ci ildə Tovuz stadionunun qazonu məhz Premyer Liqa klublarına qitə futbol qurumu tərəfindən ayrılan vəsait hesabına dəyişdirilmişdi. Klublar hamısı könüllü şəkildə UEFA-dan gələn 30 min dolların bölgə klubuna yönəldilməsinə razılıq vermişdi.
Qanunsuzluq idi, lakin “qanunpərəst” baş katib o zaman buna həvəslə razılaşmışdı, göz yummuşdu. Çünki Tovuzda salınan süni qazonu ona bağlı olan, qazanc götürdüyü şirkət reallaşdırmışdı. İndi kimisə qınamaq asandı, lakin bünövrəni qoyanda bu günü fikirləşmək lazım idi.
Ən dəhşətlisi odur ki, UEFA da Azərbaycanda uşaq futbolunun inkişafını, yeni nəslin yetişdirilməsini düşünür, maliyyə ayırır, biz özümüz isə yox. Maliyyəni transferlərə yönəldir, dağıtmaqla məşğul oluruq. Təbii ki, “biz” deyəndə sıravi azarkeşləri, jurnalistləri yox, elə İK-da oturan, eyni zamanda klub prezidenti olan Zaur Axundov kimiləri nəzərdə tuturam.
Və bu, ilk belə hal deyil. AFFA vaxtilə mənasız layihə ilə SOCAR-ın 3-4 milyon manatını dağıtdı. Müstəqilliklərini pozmaq bahasına Premyer Liqa klublarına gətirilən əcnəbi idman direktorları yadınızda olar. AFFA onların hər birinə aylıq 10 min dollar maaş verirdi, ancaq fəaliyyətlərinin heç bir faydası olmadı, il bitincə geri göndərildilər. Çünki əksəriyyəti səviyyəli mütəxəssis deyildi, bədən tərbiyəsi müəllimləri klublarımızda özünü alim kimi göstərməyə çalışırdı. Ortada qazanan onların hamısının gəlməsində vasitəçilik edən Bernard Lippert, Riad Rəfiyev kimi menecer-işbazlar oldu. Elxan Məmmədovun himayədarlıqdan nə qədər qazandığını isə yalnız özləri bilər.
5. “Klubların lisenziyalaşdırması üzrə vəsait”in növbəti buraxılışı üçün əlavə və dəyişikliklərin müzakirəsi
Hansısa kitab, büroşür müzakirəsi İK kimi nüfuzlu quruma yaraşmır. Elxan Məmmədov nazirləri, futbol veteranlarını, nüfuzlu şəxsləri bu səviyyəyə endirir. Onsuz da fikri xarici siyasətin yanında olan Elmar Məmmədyarov, neft müqavilələri ilə məşğul olan Elçad Nəsirov və digərləri “vəsait”i incələyəcək qədər bekar deyil. Deməli, Məmmədov orada nə dəyişiklik edibsə, hamısını reallaşdıracaq – ölkə futboluna xeyrinin olub-olmadığını iş işdən keçəndən sonra biləcəyik.
Yəqin ki, bu “vəsait”də müəyyən dəyişikliklər, tələblərin yüngülləşdirilməsi olacaq. Gələn mövsümdən Premyer Liqada klubların sayını artırmaq üçün başqa yol yoxdu, indiki tələblərin öhdəsindən gəlmək çox çətindi. Yəqin ki, haqlı narazılıqlar nəzərə alınıb.
Hörmətli komitə üzvləri, mümkünsə bu “vəsait”ə ciddi baxın, orada ikili müqavilələrlə bağlı nəsə yazılıb-yazılmadığını araşdırın. Nəvaxtsa buna görə çox başlar ağrıyacaq. İllərdi ikili müqavilələr üzündən dövlət büdcəsinə köçürülməli olan milyonlarla manat vergi gizlədilir.
(davamı olacaq)