“Zirə”nin qapıçısı Orxan Sadıqlının futbolinfo.az-a müsahibəsi

– Mövsümün ilk yarısı bitdi. Nə düşünürsən "Zirə" üçün uğurlu, yoxsa uğursuz alındı?
– Uğursuz deməzdim. Çünki kubokda iki rəqib keçdik, yarımfinala adladıq. Bizim üçün yaxşı nəticə saymaq olar. Çempionatda bir az eniş oldu, lakin mövsümün sonuna hələ ki, var. Çempionatın ilk yarısında itirdiyimiz xalları ikinci yarıda bərpa edəcəyik. Komandamızın iddialı olmağa, yaxşı çıxış etməyə potensialı var. Kubokda da final oynayıb qalib gəlmək istəyirik. Əlimizdən gələni edəcəyik.

– Baş məşqçi dəyişiklikləri komandaya müsbət təsir etdimi?
– Bu bizdən asılı məsələ deyil. Rəhbərlik təyin edib. Ümid edirəm ki, baş məşqçi dəyişikliyi müsbət təsir edib və edəcək də. Futbolçuların işi müqaviləyə əsasən meydana çıxıb oynamaq, əlindən gələni etməkdir. Şərtləri yerinə yetirməliyik. Düşünürəm ki, yanvardan sonra hər şey yaxşı olacaq. Heyətimiz də yaxşıdır.

– Ümumiyyətlə, necə düşünürsən, komanda avrokuboklara yaxındır, yoxsa ikinci yarıda çox əziyyət çəkəcəksiz?
– Premyer Liqada cəmi 8 komanda var və 4 dəfə üz-üzə gəlirik. Zəif rəqib yoxdur.  Bütün komandaların hədəfləri var, yuxarı pillələrdə olmaq istəyirlər. Çətin olacaq, amma düzgün oynasaq, düzgün hazırlaşsaq, avrokuboklara elə çempionatda vəsiqə qazanmaq istəyirik. Mənə elə gəlir ki, “Zirə” mövsümün ikinci yarısını daha yaxşı keçirəcək.

– Orxan Sadıqlı özü üçün mövsümün ilk yarısını necə dəyərləndirir? 
– Mənim üçün hər məşq, hər oyun təcrübədir. Həmişə üzərimdə işləmişəm, irəli getmək istəmişəm. Əziyyətlə daha yaxşı şeylərə nail olmağı xoşlamışam. Yenə də hədəflərim var, daha çox işləmək istəyirəm. Özümü yaxşı hiss edirəm və bununla kifayətlənmək fikrində deyiləm. Ən yaxşısı üçün əlimdən gələni edəcəm. Özüm özümdən tam razı deyiləm. Fikrimcə, bundan daha yaxşı çıxış edə bilərəm.

– Orxan, kubokda son matç çox müzakirə olundu. Adil Nağıyevin vurduğu qol müzakirə olundu. Sonradan təkrarı yəqin ki, izləmisən. Səncə, o epizod qol idi, yoxsa yox?
– İcmaldakı videoda görsənmir, amma qola qədər epizod var idi. Mən bir neçə dəfə hakimə göstərdim ki, oyuna başlamağıma mane olur. Heç kim həmin epizodu görmür. Videoda ancaq mənim topu daxil etmək istəyərkən Adilin ayaq qoyması və topun qapıya daxil olması görünür. Adilin niyyəti sırf qapıçıya mane olmaq idi. Sırf buna görə hakimin qərarın doğru sayıram. Oyunları araşdırsaq, ilk matçda penaltimiz, ikinci matçda yenə penaltimiz verilmədi. Rəqibə qırmızı vərəqə verilməli idi, amma verilmədi. Belə şeylərdən yapışmaq olmaz. Fikrimcə, qələbəyə layiq idik. Finala qədər də getmək fikrimiz var.

– Matçdan sonra qarşı tərəfin futbolçuları ilə hər hansı söhbətin oldu?
– Yox, heç kimlə danışığım olmadı. Hamı ilə görüşüb elə stadionda öz paltardəyişmə otağımıza gəldik.

AĞA

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp