2020-nin bərabərlik rəqəmləri yeni il qabağı "atəşkəsi" təmin edib. "Tufandan öncə sakitlik olur", deyiblər. Havalar da yaxşı keçir deyə, heç kim də üşümür. Qışın yaz günəşi altında "qan qaynamır", qərarsızlıq hökm sürür…

Uğurun təməli getdiyin yolu bilməyindədir. Qərarsızlıq o vaxt baş verir ki, bu yol bilinmir.

Tunelin o başında işığın görünməsi, yetişməsi üçün, qaranlıq yolları cəsarətlə, ağılla keçməyi bacarmalı, yolundan dönməməlisən…

Sakitlik nisbidi. Kabinetlərə çəkilib yeni planlar cızılır, yeni ildə yeni "qaranlıq tunellərin labirintləri" hazırlanır. Son aylarda futbol başbilənlərinin hücum -"xox" gedişləri alınmadı.

Bumeranq effekti ilə geri qayıtmaqdadı…

"Atəşkəsin" özü də nisbidi. Sözünü deməyi bacaran az sayda futbol adamı, jurnalistlər, azarkeşlərin təbii pauzası, bütün tərəfləri şoka salıb. AFFA ideoloqlarından tutmuş pusquda gizlənənlərə kimi, hamı sakitliyin içində narahatlığa qərq olublar…

Tində "barrikada" qurub "sonda təpik vuranlar" ordusu, sözünü deyənlər "niyə söz demirlər" təşvişi ilə alışıb-yanırlar. Eyni zamanda öz işlərini də əlaltdan görürlər, futboldakı durumdan istifadə edib növbəti dividentlərini qazanmaq istəyirlər…

Digərləri kabinetlərdəki "oyunlarını" davam etdirir, 3-5 yerdən "yuxarı"lara möhtəşəm, "top çiləmə", berlinsayağı "layihə"lər hazırlanır. Heç biri də futbolu düşünmür, futboldan gələ biləcək növbəti şəxsi gəlirlər maraqlıdır. Sanki, 15 ildə futbolu dağıdanlar bunlar deyil…

Sözünü deyənlər bütün tərəfləri "ofsayda" salıb. İsti yerlərindən futbolu "düzəltmək" istəyənlər, özlərindən "müxalifət" obrazı yaradıb zamanını gözləyənlər də girinc qalıblar. Nə niyyətləri yerində deyil, nə futbol strategiyaları var, nə də futbolu düzəldən deyillər…

Kimi gözləyirlər?! Futbolun acı günləri bəllidi. Çıxsınlar tindən-bucaqdan, rahat kabinetlərdən sözlərini desinlər… Əgər söz varsa, niyyət doğrudursa, futbolu bilirlərsə, özlərini yox, futbolu düşünürlərsə… Liderlər gizlənməz, susmaz!

Federasiya ideoloqları vaxt udur… İctimai "xox" təsir etmədi, geri çəkilib, elə millimiz kimi müdafiədən "oynayıb" bir qol vurub, bir xal qazanmaq istəyindədirlər. Növbəti aylar, bəlkə də illər üçün zaman udulmalıdır. Pusquda gizlənən "zəif bəndlər" başlara öz başları ilə ciddi strateji başlar, rəqiblər deyillər…

2020-nin "bərabərlik" görüntüsü, fərdlərin deyil, futbolun qalibiyyəti ilə bitməlidir. Avropa çempionatı futbol səviyyəsini, fərqini əyani göstərəcək. Bu fonda hər kəs Azərbaycan futbolunun hansı bataqlığa salındığını bir daha görəcək…

2019-da səbr kasası daşaraq dağıdanlar, susanlar qarşısında möhtəşəm azarkeşlərimiz, xalqımız da futbolla bağlı öz kəsərli sözünü stadionlardan, tribunalardan açıq şəkildə dedi. Ümumi İslahatlarla paralel, illər keçdikcə, gec də olsa futbolda təbii beyin ələnmələri də baş verir…

Kimlərin yaşıl meydanlarda, cəmiyyətdə həqiqi söz sahibi olmaları da üzə çıxır, bilinir artıq… Liderlik sünilik, şəxsi məqsədlər üzərində qurulmur! Futbol çöksə, çökdürülsə də, sabaha bir ümid çırağı yaranıb… Məşqçilərin sözü ilə desək, futboldakıların, kabinetdəkilərin nə uğrunda "vuruşduqları" güzgü kimi görünür…

Futbolda, mediada, ictimaiyyətdə 5-10 söz sahibinin fədailiyi, azarkeşlərin fəryadı, obyektiv fikirləri ilə sabahın futbolu düzəlməz. Bu, bir təkandır… Futbol ətrafında düşüncə birliyinin, ideologiyasının olması mütləqdir…

Yeni il "siçan" ilidir. Həqiqi şirlər, aslanlar, əjdahalar siçan yuvasına sığınmaz, gizlənməz. Ya "siçanlar" hər yeri basıb yenidən sürü halında futbolu gəmirməkdə davam edəcək, ya da əjdahalar futbol adına siçan yuvalarını birdəfəlik betonlayacaq…

TAHİR SÜLEYMANOV

thumb700 20121224123815234 - Futbolinfo.az

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp