“Qəbələ”nin problemləri hələ də bitməyib. Yeni sponsorla anlaşıb, maliyyə vəziyyətin normallaşdıran bölgə klubu indi başqa çətinliklə üz-üzədi.
İş ondadı ki, “qırmızı-qaralar” dağılmaq təhlükəsindən qurtulsa da, büdcəsi heyətini qorumağa və iddiasını davam etdirməyə yetmir. David Volkovu bu üzdən daha yaxşı müqavilə təklif edən “Zirə”nin düşərgəsinə buraxmağa məcbur olan “Qəbələ” daha bir neçə futbolçusunu itirə bilər.
Getməsi real görünən futbolçuların başında Amin Seydiyev gəlir. İstedadlı müdafiəçi 3 paytaxt klubunun diqqət mərkəzindədi. “Qəbələ” yetirməsini daha yaxşı müqavilə şərtləri təklif etməklə başdan çıxaranlar, limit üzündən yerlilərə üstünlük verməyə məcbur olanlardı. Özləri futbolçu yetişdirməyiblər, indi isə pul gücünə üzdə olan istedadları qamarlamağa çalışırlar.
Təbii ki, burada qeyri-qanuni bir şey yoxdu. Amma paytaxt təmsilçiləri faktiki olaraq, maliyyə gücündən istifadə edir. Əldə müəyyən vəsait var və hədəflərinə çatmaq üçün onu xərcləyirlər. Bu, həm də “Qəbələ”nin çətin durumda olmasından faydalanmaq cəhdidi.
Hədəfdə olan təkcə Amin deyil. “Qəbələ”nin digər yetirmələrindən bir neçəsi, həmçinin yarım mövsümə özünü isbatlayan legionerləri də başqa klubların maraq dairəsinə düşüb. Şirnikləndirici təkliflərlə “qırmızı-qaralar”ın heyətini dağıtmaq, öz problemli mövqelərinə yamaq vurmağa cəhd edirlər.
Peşəkarlıq çərçivəsində atılan addımlar öz yerində, amma klublar centlmen olmağı da öyrənməlidi. İllər keçir və bu aqibət hamının başına gələ bilər. Necə ki, birvaxtlar “Qəbələ” özü də bu səhvi edib, indi isə başqaları fürsətdən yararlanır. Bəlkə 6 aydan, 1 ildən sonra həmin klublar da oxşar situasiyaya düşəcək? Bütün bunları göz önünə gətirib, daha diqqətli olmaqda fayda var.
FƏRİD