Görünən odur ki, AFFA danışılmış oyunlarla bağlı fəaliyyətini dayandırıb. 28 nəfərin futboldan ömürlük diskvalifikasiyası barədə qərarın davamı gəlmir.
 
Əvvəla, “Ağsu”nun çempionatdan kənarlaşdırılması haqda qərar verilməli idi. Amma assosiasiya komandanın az qala bütün heyətini cəzalandırsa da, bölgə təmsilçisinin özüylə bağlı ölçü götürmədi. Klubun yiyələrindən çəkindilər, qorxdular və belə addım atmadılar. Halbuki həqiqətən təmizlik işləri aparılırdısa, baş katib Elxan Məmmədovun dediyi kimi, virusu təmizləmək istəyirdilərsə, “Ağsu” I diviziondan qovulmalıydı.
 
AFFA-dan/SOCAR-dan maliyyələşən “Turan Tovuz” və “Ağsu”nun bəzi oyunçularının cəzalanması son olmamalıydı. Danışılmış oyunlarda şübhəli bilinən xeyli klub və futbolçu, məşqçi var. Amma araşdırılmalar dayandırıldı, davam etdirilmədi. Kələfi açmağa davam edilsəydi, bir çox futbol məmurunun özfəaliyyəti ifşa olunacaq, xeyli vəzifəli adamın paxırı açılacaqdı. Bu üzdən araşdırmaya “STOP” verildi. Halbuki belə olmamalıydı. Həqiqətən məqsəd oğruların, cinayətkarların üzə çıxarılmasıydısa, sona qədər gedilməliydi.
 
Bu fakt da göstərir ki, AFFA rəhbərliyinin məqsədi futbolu virusdan təmizləmək, oyunların nəticəsini saxtalaşdıran, manipulyasiya edən insanların ifşası deyil. Sadəcə, milli komandanın seçmə mərhələdə biabırçı çıxışını, bütün yığmaların fiasko nəticələrini pərdələmək, hesabat verməli olanları yaddan çıxarmaq üçün bu ssenari düşünülmüşdü. Baş qatıldı, əsas problemlər yaddan çıxarıldı.
 
Amma danışılmış oyunlarla bağlı mövzu açılmışkən, AFFA U-21 yığmamızın Fransayla oyunu ilə bağlı araşdırmanın nəticələrini bəyan etməlidi. Çünki UEFA bu matçla bağlı bizimkilərə məktub göndərib. AFFA şübhəli bilinən 5 futbolçunu qərargahına çağırıb, onlarla söhbət edib, lakin məsələnin üstünü örtməyə çalışıblar. Futbolçulardan bəzi etiraflar alınsa da, UEFA-ya təkzib izahatları göndərilib.
 
Bir sıra dünya bukmeker kontorlarında oktyabrın 11-də, Avro-2021-in seçmə mərhələsi çərçivəsində keçirilən Fransa – Azərbaycan oyununda 5 və daha artıq qolun vurulacağına dair pul qoyuluşları edilib. Külli miqdarda vəsait yatırılıb və oyun 5:0 hesabıyla meydan sahiblərinin xeyrinə başa çatdığından qumarbazlar da yaxşı qazanıb. UEFA U-21 millimizin şübhəli bilinən futbolçularının siyahısını göndərdiyindən məsələni dəqiqləşmiş də saymaq olar.
 
U-21-in baş məşqçisi Milan Obradoviçin də olaydan xəbərdar olduğu deyilir. Oyunöncəsi futbolçuları açıq futbola səsləyən, güclü rəqibə qarşı müdafiə futbolu oynamağı lazım bilməyən serb məşqçinin qərarı maraqlıdı.
 
Kimisə ittiham etmək istəmirik, lakin Fransada 3-5-2 taktikası seçib, güclü rəqiblə açıq futbol oynamaq niyyəti adamda şübhə yaradır. Belə cəsarətli məşqçi idisə, Sumqayıtda Lixtenşteynə qarşı eyni üsula əl atardı. Halbuki cırtdan ölkə təmsilçisi ilə ev oyununda qorxaq futbol və çətin qələbə gördük. Ümid edirik ki, dünyaca məşhur serb bukmekerlər həmyerlilərini tora salmayıb.
 
Cari seçmə mərhələdə Gürcüstanla ev oyunumuza (0:3) daha böyük pullar qoyulubmuş. Lixtenşteynə tarixində ilk qələbəsini qazandırdığımız (0:1) matçla da bağlı ciddi şübhələr var. Amma konkret Fransayla oyuna gəlincə, Kamran İbrahimov, Anton Krivotsyuk, İsmayıl İbrahimli, Turan Manafov (start heyətdə olmayıb) və bir legionerin (adını dəqiqləşdirə bilmədik, həmin matçda Hüseyn Seyliğli, Fərid Nəbiyev, Barış Ekincier və Doğukhan Öksüz forma geyib) olaydan xəbərdar olduğu deyilir. Onların hər birinə 10 min dollar verildiyi danışılır. Futbolçular bəzi oyundaşlarına sirri açıb və onlar da matçın nəticəsinə pul qoyuluşu edib.
 
Biz sadəcə, haqqında şaiyə dolaşan futbolçuların adını qeyd etdik. Ola bilər ki, AFFA-ya başqaları da çağırılıb, kiminsə haqqına girməyək. Məsələn, bu oyunçulardan Kamran məlumatı qətiyyətlə təkzib etdi, digərlərinə də tribuna verməyə hazırıq. Lakin UEFA-dan gələn məktub var və AFFA durumu aydınlaşdırmalıdı. Yalan iddiadırsa, bu barədə də məlumat verilməlidi, mətbuatın yazdıqlarına biganə qalmaq olmaz. Yox, faktdırsa, gizlədilməsi məsləhət bilinirsə, o başqa məsələ…
 
Kəsəsi, AFFA özünə lazım olanda, hansısa uğursuzluqları gizlətmək lazım gələndə danışılmış oyunlar kartını ortaya atmamalıdı. Həqiqətən virusun kökünü kəsməkdə maraqlıdılarsa, hər informasiyaya önəm verilməli, təkzib və ya təsdiq edilməlidi.
 
CAVAD
Shares: