Yaxşı tələbədi, Riad Rəfiyevi ancaq alqışlamaq lazımdı. Qırmızılığı müəllimi Elxan Məmmədovdan öyrənib. Yalanı o qədər ustalıqla danışır ki, inanmaq istəyirsən. Hələ baş katib kimi çətinə düşəndə jurnalistləri qınamağı da kopyalayıb.
 
“Sumqayıt”ın prezidenti dünən “İdman” TV-yə müsahibəsində həqiqətlərin təkzibiylə məşğul oldu. “…artıq ətdi” məsəlini çəkmək istəmirəm, amma onun kimi bir şeydi. Rəfiyev israrla menecerliklə məşğul olmadığını, milli komandanın məşqçiləri ilə danışıq aparmadığını deyir. Yalansa…
 
Bəli, işi ustalıqla qurublar. Adı və dadı başqa adamlarındı. Danışıqlar aparılır, rəsmiləşmə zamanı sənədə başqa imzalar atılır. Amma faiz, menecer haqqı Riad bəyə çatır. Bunu ya sahibi olduğu “3R”-lə edirlər, ya da başqa bir vasitə ilə. Miloş Velebit, Nikola Yurçeviç, Milan Obradoviç – müxtəlif mililərimizin son əcnəbi məşqçiləri məhz Riadın tapıntılarıdı. Nəvaxtsa onların etiraflarını eşidəcəyik. Hətta indi AFFA-da rəsmi müqavilələri açıqlamaq mümkün olsa, oradan Rəfiyevin xeyli imzası tapılar.
 
Himayədarları şərait yaradıb, milyonlar qazanır, qazandırır, iş reallığa gələndə isə “mənlik deyil” deyir. Milli komandalarda oynayan futbolçulardan aldığı faizlər, ala bilməyəndə Pavel Paşayevin gününü qara etməsi, hətta yığmaya dəvət almayacağı ilə hədələməsi arxivimizdə yatan materiallardı, nəvaxtsa hamı oxuyacaq.
 
“Bəzi jurnalistlər” deyib, tənqidçilərini ləkələməyə cəhd edən Rəfiyevin AFFA-nın müdafiəçisi rolunda görünməsi də maraqlıdı. Şükürlər olsun, biz həmin siyahıda ola bilmərik, çünki nəinki hansısa işbirliyimiz, xahişimiz yoxdu, hətta haqqımız olan səfərlərdən imtina etmişik adamlarıq. Deyək ki, həqiqətən “bəziləri” şəxsi ədavət aparıb, bəs, haqlı tənqid edənlər? Riad bəy nədənsə sualın bu hissəsindən yayınıb, iz itirməyə çalışır. Halbuki qaçmaq yox, cavab vermək lazım idi.
 
Rəfiyevin faydasız milliləşənlərlə bağlı dedikləri də maraqlıdı. Digər klublarda da belə oyunçuların olduğunu, amma “Sumqayıt”ın adının daha çox hallandığını dilə gətirir. Ona görə ki, təkcə sizin klubda 7 belə oyunçu var, digərlərinin isə cəmində o qədərdi. Sumqayıtlıların adını hıqqana-hıqqana çəkirsiz, əsas heyətdə debüt edənlərin sayını 4-ə çatdıra bilmirsiz, ancaq vaxtilə milli komandamızın start heyətində azı 4-5 sumqayıtlı oynayırdı.
 
Danışmayın, danışdıqca batırırsız, 10 ildi yeyib-dağıtmısız, ölkədə futbol adına heç nə qalmayıb. İndi bunların hesabatını vermək, cəhənnəm olub getmək lazımdı. Amma o qədər zibiliniz var ki, yerinizə gələnlərin paxırlarını açacağını bildiyinizdən, küllüyünüzdən qalxmaq istəmirsiz, həmçinin havayı gələn yüzminlərdən doymursuz, müqavimət göstərirsiz, başqalarını ləkələməyə çalışırsız. Bu gün yalan danışa bilərsiz, lakin ictimaiyyət artıq kim olduğunuzu bilir, heç birinizə – nə sənə, nə də digər dəstə üzvlərinizə inanmır.
 
Hə, ola bilsin Rəfiyevə yalnız baş katibin inanması bəs edir. Elədisə, Zamiqin “O mənə inanır” mahnısını zümzümə etsin. Biz ona eyni müğənninin repertuarından başqa musiqi sifariş edəcəyik: “Gör nələr olur”…
 
FƏRİD
Shares: