Sonayaxın həmişə ilin “ən”ləri seçilir, əh.
Fərqi yoxdur rəsmi dövlət, özəl qurum, yaxud subyektiv – seçimləri və təqdimatlar elə bəsit olur ki… Sorğu və ya daxili seçim formatı – fərqi etmir, bütün formalarda seçimlərdə hansısa məqsəd/nöqsan özünü qabarıq büruzə verir. Ya bir az az, ya bir az çox…
Bu məsələdə AFFA, PFL kimi əsas və ya törəmə digər futbol təşkilatları adətən, qatılmır, təşkil etmir. Bunun əsas səbəbini isə düşünən çox azdır. Sanki hamı qəbul edib ki, futbol kimi spesifik sahənin az sayda qurumu belə tədbirlər keçirmirsə, belə də olmalıdır. Lakin belə olmamalıdır.
Bu qurumların analoji tədbirlərə maraq göstərməməsinin səbəbləri soruşulsa, protokol xətrinə müxtəlif rəsmi izahlar verilər. Lakin əsl məsələ onların özlərini dilə-dişə salmaq istəməməsidir. Kimisə seçərik, digər kimsə inciyər bundan və quruma düşmən kəsilər… Kələfin ucu da məhz bu həqiqətin içində gizlənib.
Mühitin peşəkar, səmimi, şəffaf kimi ehtiyac və dəyərlərdən yoxsul olmasının gətirdiyi nəticədir bu… Bir zamanlar hətta ən uyğun mexanizm sayılan səsvermə yoluyla da olsa, seçimlər olub (Məsələn, PFL), hətta onda da narazılar olurdu və bəzən haqlı… Bunun qarşılığında optimal yol olaraq belə tədbirlərin ləğv edilməsi seçildisə, bu sadəcə ayıbdır. Elə çox xərc aparan proses də deyil, bəs dəvəquşuluq niyə…?
Kiçik bir mühitik, nə seçə, nə də seçilə bilmiriksə, bu mövzuda bir tədbir təşkil etməkdə çətinlik çəkiriksə, yaxşı hal deyil. Bircə Milli Mətbuat Günündə AFFA-nın təbiri olur, o da daha çox əyləncə xarakterli. Məzmundan uzaq, bədii hər hansı süjeti olmayan bu tip tədbirlərə də əsasən, qarnını götürüb gedənlər həvəsli olurlar.
Mühitimizin bəsitliyini ən bariz göstərən bu məqamı qabartmaqda məqsədimiz budur ki, kifayət qədər elmli-helmli, təcrübəli, səviyyəli şəxsiyyətlərin olduğu bu camiədə belə tədbilərin təşkil edilməməsi camiə adına pisdir. Bu məsələlərə xüsusi yanaşma gösərilməlidir. Az qala, hansısa marketin, dükanın belə ilin yekunlarına dair seçim və təntənəli tədbir keçirməkdə çətinlik çəkmədiyi bir dönəmdə futbol təsərrüfatında bunların olmaması daxili mühitin yaxşı olmadığına işarədir. Bu halın aradan qaldırılmasında ən birinci təşəbbüs isə aparıcı qurumlardan gəlməlidir. Hamı ilin “ən”ini seçir, biz heç “əh” də seçə bilmirik.
Bu tip təşəbbüsü son illər yalnız AİJA (Azərbaycan İdman Jurnalistləri Assosiasiyası) keçirirdi, o da varlığı ilə elə bir yumor idi ki, nə gülə bilirdin, nə ağlaya. Qurumun absurdlğu o qədər şahə qalxdı ki, nəhayət, Gəclər İdman naziri Azad Rəhimov da dünən ilin yekunları tədbirində məsələyə toxunaraq, məhz AİJA-nın yerinə daha effektli qurumun yaradılması zərurətini qabardıb. Təxminən bir qərinə lazım oldu ki, bu həqiqəti anlayıb, dilə gətirsinlər. Görəsən, nə zaman düzələr…
Elçin Cəlilov, Futbolpress