2005-2015-ci illərdə Azərbaycan Respublikasında Futbolun İnkişafına dair Dövlət Proqramına start verildi. Məqsəd dövlətin dəstəyi ilə Respublikada futbolun inkişafına nail olmaq, beynəlxalq arenalarda milli yığma komandalarımızın, klublarımızın Azərbaycanı layiqincə təmsil etməsi idi. İnfrastrukturun qurulması, mütəxəssislərin yetişdirilməsi, uşaq futbolu, futbolun kütləviləşməsi proqramın əsas tərkib hissələri kimi önə çəkilmişdi.

Fanat.Az-ın Dövlət Proqramının nə dərəcədə yerinə yetirildiyi ilə bağlı "Elxan Məmmədova sualımız var" lahiyəsindən xəbərdarsız. Hər dəfə bir sual və bir cavabdan ibarət olan araşdırmamızın artıq 5 hissəsi yayımlanıb.

Suallarımızı AFFA-nın baş katibi Elxan Məmmədova ünvanlamaqda məqsəd Dövlət Proqramının nə səviyyədə həyata keçirilməsinə aydınlıq gətirməkdir. Bu işdə tək baş katib deyil, ondan da öncə assosiasiyada bu günə kimi təmsil olunan vitse-prezidentlər də məsuldular. Bu üzdən əvvəlki sualların cavabı kimi 2-3 gün yox, bu dəfə bir həftə vaxt verdik, gözlədik. Söhbət hansısa klubların dağılmasından, uşaq futbolunun problemlərindən getmirdi. Müasir tələblərə uyğun yeni texnologiyaların tətbiqi, elmi tədqiqatlar, futbolda informasiya inteqrasiyası, tibbi-bioloji infrastrukturun yaradılmasında hansı əməli işlərin görülməsindən yazmışdıq. Yəqin başları yeni ilin ilk günlərində keçiriləcək konfransda növbəti nizamnamə dəyişikliyinə qarışıb. Yerlərini qorumaq üçün daha vacib işlərlə məşğuldular.

Müasir futbolda yeni texnologiyaların həyata keçirilməsi çox vacibdi.

Proqramda "Dünya informasiya məkanında Azərbaycan futbolunun təbliğini təmin edən informasiya texnologiyalarının təkmilləşdirilməsi" layihəsi xüsusi qeyd edilib. Reallıqda isə dünya meydanlarında anti-rekordlara imza atmaqla yanaşı nəinki beynəlxalq, yerli informasiya məkanı da məhdudlaşdırılıb, ayrıseçkilik yaradılıb. Media orqanları, jurnalistlər qarşı-qarşıya qoyulub. Yaradılan şərait,  CBC Sport böyük ölçüdə futbola yox, birbaşa baş katibin nəzarərində özlərinin təbliğinə qulluq edir. Vəziyyət o həddə çatıb ki, artıq brifinqlərə, mətduat konfranslarına da ehtiyac duyulmur. Eyni proses beynəlxalq məkanda aparılır. Reytinqdə vanuatuların cərgəsində olmağımıza baxmayaraq, UEFA tədbirlərindən şəxsi reklam kimi istifadə edilir. Bilmirsən güləsən, ya ağlayasan. Divizionda kütləvi maxinasiyalar fonunda baş katib Elxan Məmmədov UEFA-da "Ədalətli oyun və Sosial Məsuliyyət Komitəsi"nə (Fair Play and Social Responsibility Committee) sədrlik edir. Ölkə futbolu düzəldi, qaldı Avropa… Sosial məsuliyyəti olanlar Azərbaycan futbolunda məsuliyyət hiss edər, komfortdan, utanmamaqdan dəm vurmaz!

Müasir futbolla tibb birgə addımlayır. Ona görə də Dövlət Proqramına "Futbolçuların məşq və oyun təcrübəsini təkmilləşdirmək üçün elmi araşdırmaların aparılması, yeni tibbi-bioloji texnologiyaların işlənməsi, tibbi-bioloji və bərpa mərkəzi"nin yaradılmasına xüsusi önəm verilmişdi. Bu günə kimi ölkə futbolunda hansısa elmi tədqiqatların aparıldığını eşitmisizmi? Nəinki tədqiqat, tibbi-bioloji bərpa mərkəzləri yaradılıbmı? Bunun əvəzinə ancaq Almaniya, Türkiyə klinikalarında futbolçuların müalicə və bərpalarına külli miqdarda vəsait xərclənib. Kadrların hazırlanmasından isə danışmağa dəyməz. Ölkədə fiziki hazırlıq üzrə məşqçilər, terapevtlər yox səviyyəsindədir. İllərin təcrübəli tibb personalı isə kənarda saxlanılıb. Tək əcnəbi məşqçilərə qucaq açılmır, kölgədə qalmış tibb sahəsində də gəlmələrə üstünlük verilir.

Bəla ondadır ki, bu illər ərzində yerli mütəxəssislərin hazırlığına da diqqət ayrılmayıb. 

Uşaq futbolunda məşqçilərin savadsızlığından ağızdolusu danışılır.  Bəs illərdi kateqoriyalar, sertifikatlar verilən məşqçilərə cavabdeh lippertlər hara baxır, niyə məsuliyyət daşımır? Uşaq-gənclər futboluna yeni gələn əcnəbi mütəxəssis Velebit son açıqlamasında tutarlı fikirlər səsləndirib. Qeyd edilib ki, 10 aydı yeni sistem hazırlanır, uşaq futbolunda yarışların təşkili, keyfiyyəti çox aşağıdır, məşqçilər arasında əlaqə qənaətbəxş deyil. Bunları bəyənilməyən jurnalistlər, mütəxəssislər yox, AFFA-da çalışan, yeni gətirilən əcnəbi mütəxəssis deyir.

Deməli, futbolun bütün sahələrində 10 il ərzində heç bir sistem qurulmayıbmış. 

Düşünməyə dəyər.

Əli Sahib
Fanat.Az

Shares: