“Heyətində 21 yaşadək futbolçuları oynadan Azərbaycan Premyer Liqası komandalarına bonusların verilmə məsələsi növbəti mövsüm üçün nəzərdə tutulub”.
Futbolinfo.az xəbər verir ki, bu barədə AFFA Klublar Komitəsinin (KK) sədri Riad Rəfiyev açıqlama verib.
Rəfiyev hazırda bu istiqamətdə müzakirələrin aparıldığını bildirib. O, məsələnin layihə formasında hazırlanmasının gərəkliyini vurğulayıb:
"Sadəcə, təklif ilə irəli sürülməməlidi ki, məsələn, biz hansısa oyunçunu meydana buraxdığımız üçün əlavə bonus olmalıdı. Əlbəttə, bu, tənzimlənməli və daha ətraflı layihə şəklində hazırlanmalıdı. Həmin oyunçunun matçlarda iştirak etdiyi dəqiqələr hesablanmalıdı. Bundan sonra hər hansı klub müəyyən məbləğə iddia edə bilər. Bu, növbəti mövsüm üçün təklif olunacaq. Hələlik konkret qərar verməmişik".
KK sədri gələn mövsüm Azərbaycan Premyer Liqasına gənclərdən ibarət ayrıca komandanın buraxılma məsələsini müzakirə etmədiklərini də diqqətə çatdırıb: "Gündəliyimizdə belə bir məsələ olmayıb. Öz aramızda da müzakirə etməmişik". (Report)