Sentyabrın 28-dən 29-na keçən gecə bütün cəbhə boyu gərgin döyüşlər davam edib.

Bu barədə Müdafiə Nazirliyindən xəbər verilib.

Ermənistan silahlı qüvvələri cəbhənin Füzuli-Cəbrayıl və Ağdərə-Tərtər istiqamətlərində itirdikləri mövqeləri geri qaytarmaq üçün bir neçə dəfə əks-hücum cəhdi göstərib.

Azərbaycan Ordusunun bu istiqamətlərdə yerləşən bölmələri uğurla müdafiə olunaraq düşmənin bütün cəhdlərinin qarşısını dərhal alıb.

Gecə döyüşlərində cəbhənin Ağdərə istiqamətində düşmənin Madagizdən hərəkət edən zirehli və avtomobil texnikasından ibarət qarışıq kolonu və onların hərəkətinə atəş dəstəyi verən artilleriya batareyası Azərbaycan Hərbi Hava Qüvvələrinin aviasiya vasitələri və cəbhənin bu istiqamətdə yerləşən qoşunlarımız tərəfindən məhv edilib.

Cəbhənin Füzuli-Cəbrayıl istiqamətində səhər saatlarında yerdəyişmə etmək istəyən düşmənin 1 tankı, 1 avtomobil texnikası və 10 nəfərədək şəxsi heyəti artilleriya zərbəsi ilə məhv edilib.

Gərgin döyüşlər davam edir. Düşmən ağır itkilər verərək geri çəkilməyə məcbur edilir.

Nazirliyin yaydığı digər məlumata görə, Ermənistan növbəti provokasiyaya əl atıb. Qeyd edilir ki, sentyabrın 29-da səhər saat 07:30-dan etibarən Ermənistan ərazisindən Azərbaycanın Daşkəsən rayonunun ərazisi artilleriya atəşinə tutulur. Azərbaycan Ordusu tərəfindən adekvat tədbirlər görülür.

Sentyabrın 29-u səhər saatlarından etibarən Azərbaycan Ordusunun Füzuli şəhəri istiqamətində hücumu davam edir. Qeyd edilir ki, səhər saat 07:00-08:00 radələrində cəbhənin Füzuli-Cəbrayıl istiqamətində Ermənistan qoşunlarının daha 4 tankı qəhrəman əsgərlərimiz tərəfindən məhv edilib. Hazırda döyüşlər davam edir.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp