“Ermənistan tərəfi təxribat xarakterli məlumatlar yaymaqda davam edir”.

Futbolinfo.az xəbər verir ki, bunu Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı deyib.

“Azərbaycan Ordusunun azad etdiyi ərazilərinin bir qisminin Ermənistan ordusu tərəfindən guya geri qaytarılması barədə erməni tərəfinin yaydığı xəbər dezinformasiyadır. Bildiririk ki, azad etdiyimiz ərazilərin bir qarışı belə itirilməyib. Hazırda Azərbaycan Ordusu düşmənin müqavimətinin qırılması istiqamətində əməliyyatı həyata keçirir”, – o bildirib.

Dərgahlı Azərbaycana məxsus F-16 tipli qırıcı təyyarənin vurulmasına dair xəbəri də təkzib edib: “Ermənistan tərəfinin guya Hərbi Hava Qüvvələrimizə məxsus F-16 qırıcısının vurulması barədə yaydığı məlumat yalandır və təxribat xarakteri daşıyır. Bildiririk ki, Hərbi Hava Qüvvələrimizin arsenalında F-16 tipli qırıcı təyyarələr mövcud deyil. Bu səbəbdən erməni tərəfinə xatırladırıq ki, olmayanı məhv etmək mümkün deyil”.

Nazirlik rəsmisi qarşı tərəfin itkilərindən də danışıb: “Azərbaycan Ordusunun atəş zərbələri nəticəsində Ermənistan silahlı qüvvələrinin işğalı altında olan Xocavənd rayonu ərazisində yerləşdirilən 3-cü “Martuni” motoatıcı alayı darmadağın edilib. Nəticədə canlı qüvvə və hərbi texnika sarıdan böyük itkilərə məruz qalan düşmən alayı tam dağıdılıb. Düşmən ordusunun komandanlığı hər kəsə müraciət edərək ölən və yaralıların təxliyə edilməsi üçün nəqliyyat vasitələri ilə kömək edilməsini istəyib. Bölmələrimiz bir neçə dəqiqə əvvəl Xocavənd (Martuni) rayonu istiqamətindəki Ermənistan silahlı qüvvələri bölmələrinin “Uraqan” yaylım atəş sistemini məhv edib”.

Döyüşlər zamanı Ermənistan ordusunun polkovniki də məhv edilib: “Azərbaycan Ordusunun cəza tədbirləri nəticəsində müvəqqəti işğal altında olan Cəbrayıl rayonu istiqamətində yerləşdirilən Ermənistan ordusunun 18-ci motoatıcı diviziyasının artileriya rəisi polkovnik Karen Babayan məhv edilib”.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp