Keçmiş Ağdərə rayonun işğal altında olan Göyarx kəndi yaxınlığındakı yüksəklik ətrafında gedən döyüşlərdə bölmələrimiz daha bir düşmən tankını məhv edib.

Bunu Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı deyib.

Dərgahlı bəyan edib ki, bu gün baş tutan döyüşlərdə helikopterlərdən istifadə edilmir: “Ermənistan tərəfinin guya Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus helikopterin vurulması barədə yaydığı məlumat onların növbəti dezinformasiyasıdır. Bildiririk ki, Azərbaycan Ordusu bu gün keçirilən əməliyyatlarda helikopterlərdən istifadə etməyib”.

“Düşmənin komanda müşahidə məntəqəsi darmadağın edilib. Xocavənd rayonunun Hadrut yaşayış məntəqəsi istiqamətində yerləşən Ermənistan ordusunun 1-ci alayının, 3-cü taborunun komanda-müşahidə məntəqəsi dəqiq atəşlə darmadağın edilib”, – nazirlik rəsmisi vurğulayıb.

Yeri gəlmişkən, Füzulidə düşmənin əks-hücum cəhdi dəf edilib, ermənilərin meyitləri döyüş meydanında qalıb: “Füzuli rayonunun işğal altında olan Aşağı Veysəlli kəndi istiqamətindən üzbəüz mövqelərimizə basqın etməyə cəhd göstərən Ermənistan ordusunun hərəkətinin qarşısı bölmələrimiz tərəfindən qətiyyətlə alınıb və düşmən geri çəkilməyə məcbur edilib. Geri çəkilərkən məhv edilmiş erməni əsgərlərinin meyitləri döyüş meydanında qalıb”.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp