“30 ildir azğınlaşmış düşmənin Azərbaycana, xalqımıza yönələn təxribatlarına, düşmənçilik mövqeyinə qarşı səbr tükəndi. Azərbaycanın sülhməramlı addımları, diplomatik yolla həll olunması cəhdlərinə istər düşmən tərəfindən, istərsə də düşməni müdafiə edən dövlətlər tərəfindən imkan verilmədi. Və nəhayət ki, güclü ordumuz xalqımızla, dövlətimizlə birliyin nəticəsi olaraq son günlər ermənilərin növbəti təxribatına qarşı əks həmlələrlər edərək müqəddəs torpaqlarımızın azad olunması yolunda önəmli zəfərlər qazanır. İnanıram ki, yaxın günlərdə müqədddəs bayrağımız Xankəndində dalğalanacaq”.
Futbolinfo.az xəbər verir ki, bu sözləri fanat.az-a “Neftçi Peşəkar Futbol” klubunun sabiq vitse-prezidenti, futbol ictimaiyyətinin tanınmış simalarından olan Tahir Süleymanov son günlər ordumuzun Qarabağın işğaldan azad edilməsi uğrunda apardığı döyüşləri, qazanılan zərəfləri şərh edərkən deyib.
O, sözlərinə belə davam edib: “Nə qədər futbol siyasətdən uzaq olsa da, biz görürük ki, düşmən tərəfindən yenə də Mxitaryanlar dəsmallarını götürüb dünya ictimaiyyətində, Avropada ağlaşma ilə məşğuldular və öz çirkin mövqelərini bir daha ortalığa qoyurlar.
Azərbaycan futbolunun nümayəndələri olan milli qəhramanlarımız Allahverdi Bağırov, Yuri Kovalyov, Albert Aqarunov kimi canlarından keçən qeyrətli oğullarımız bütün futbol ictimaiyyətinə bir nümunədilər. Və bu gün yaşından asılı olmayaraq hər birimiz ordumuzun yanındayıq, silaha sarılıb torpaqlarımızı azad etməyə hazırıq. İnanıram ki, döyüş meydanlarında zəfərlərimiz davam edəcək, yaxın vaxtlarda Füzulinin “Ərgünəş”, Cəbrayılın “Xudafərin” komandaları yenidən yaşıl meydanlara çıxacaq və Ağdamda “Qarabağ”ımız avrokuboklarda rəqiblərini vaxtilə meydanlara çıxdığımız müqəddəs “İmarət” stadionunda qəbul edəcək.
Xalqımızın, ordumuzun, dövlətimizin birliyinə bütün futbol ictimaiyyəti olaraq dəstəyik. Təəssüflər olsun ki, bu günlərdə erməni xisləti hər zaman olduğu kimi özünü göstərir, döyüş meydanlarından uzaq mülki əhaliyə qarşı təxribatları nəticəsində dünyasını dəyişənlərin arasında yeniyetmə futbolçumuz da var. Onların qisası yerdə qalmayacaq. Hər birimiz hər an ordumuzun, xalqımızın, dövlətimizin yanındayıq. Bir daha vurğulayıram ki, yaşından asılı olmayaraq ön cəbhədə əsgərlərimizlə bir yerdə şanlı zəfərlərimizi qazanmağa hazırıq. İnanırıq ki, bu zəfərlərin davamı gələcək, bir-bir kəndlərimiz, rayonlarımız azad olunacaq və şanlı bayrağımız Xankəndində, Ağdamda, Şuşada, Laçında, Kəlbəcərdə Cəbrayılda, Zəngiləndə və bütün Qarabağda dalğalanacaq”.
Qeyd edək ki, Azərbaycan Ordusunun qoşun bölmələrinin həyata keçirdiyi əməliyyatlar nəticəsində Füzuli-Cəbrayıl istiqamətində Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Abdürrəhmanlı, Böyük Mərcanlı, Nüzgar kəndləri azad edilib. Bundan əlavə, Ağdərə rayonu və Murovdağ istiqamətlərində düşmən postları darmadağın edilib, hakim yüksəkliklər nəzarətə götürülüb.