Azərbaycan Futbol Federasiyaları Assosiasiyası UEFA-nın üzvü olan 55 Milli Assosiasiyanın 53-nə məktubla müraciət edib.
Futbolinfo.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, müraciət sentyabrın 27-dən Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi atəşə tutması nəticəsində Naftalan şəhərində 2007-ci il təvəllüdlü, AFFA-nın təşkilatçılığı ilə keçirilən liqada UGİM (Naftalan) komandasının heyətində çıxış etmiş Şəhriyar Qurbanovun həlak olması ilə əlaqədar ünvanlanıb.
Qeyd olunub ki, 13 yaşı Şəhriyarın ölümü futbol ailəsini dərindən sarsıdıb: “Bu məsələ nəinki bizi, bütövlükdə futbol ictimaiyyətini narahat edir; həyatda ilk addımlarını atmaqda olan uşaqlar müharibələrin hədəfi olmamalıdır. Bu çətin dönəmdə Avropa futbol ailəsini dinc sakinlərə qarşı aqressiyanı, xüsusilə də azyaşlı uşaqların bu və ya digər şəkildə hərbi əməliyyatlara daxil edilməsini qınamağa və #stopchildmurder (uşaq qətllərinə son) həştəqindən istifadə etməklə həmrəylik nümayiş etdirməyə çağırırıq”.