Dünən o formanı əvəzedici heyətin üzvləri də geysə, eyni ruhla döyüşüb, eyni qələbəni qazanacaqdı. Çünki “Qarabağ” rəşadətli Azərbaycan əsgəri üçün oynayırdı. Motivasiya, eyni zamanda soyuqqanlılıq pik həddə idi. Legionerlər, yerli oyunçular – hamı Polşada səngər döyüşü aparırdı.

Oyunla bağlı nəsə yazmağın önəmi yoxdu. “Legiya” kimi komandanı, Polşa çempionunu səfərdə 3:0 hesabıyla yenmək hər şeyi deyir. Oyunu birnəfəsə keçirən, hətta daha bir 90 dəqiqə oynamaq üçün gücü qalan komandanı nə qədər tərifləsək, azdı. Şəhidlər üçün, döyüşən əsgərlər üçün oynayan “Qarabağ” qələbəyə məhkum və yayiq idi. Qarabağ üçün, Ağdam üçün döyüşən oğullarla ağdamlılar məhz belə həmrəylik nümayiş etdirə bilərdi.

Ruh döyüşü idi. Adamayovuşmaz Abdulla Zubirin daş baxışlı, futbolçuyla məsafə saxlamağı sevən Qurban Qurbanova sarıldığını nəvaxtsa görmüşdüzmü? Dünən gördüz. Bu, motivasiyanın, döyüşmək vədinin yerinə yetirilməsinin hesabatı idi. “Harop” kimi rəqib sədlərini yarıb bombanı partladan legionerimiz dünən ən azı bizim qədər vətənpərvər idi.

Maksim Medvedevlə Qara Qarayevin fədakarlığı, Bədavi Hüseynovun özünü hər zərbəyə sipər etməsi, Uroş Matiçin, Patrik Andradenin çalışqanlığı, Kevin Medinanın mətanəti, Şahruddin Məhəmmədəliyevin balaca boyu ilə dağ əzəməti göstərməsi, adını çəkmədiyimiz digər oyunçuların bütün varlığını meydanda qoyması – hamısı cəbhədə döyüşən əsgərlərimiz üçün idi. Baş məşqiyə, klub rəhbərliyinə bu birliyi yaratdıqlarına, qələbənin önəmini hamıya aşıladıqlarına görə xüsusi təşəkkür…

“Legiya” yaxşı komandadı, bəlkə də başqa vaxt oynasaydılar, “Qarabağ”ı yenərdilər. Amma bəxtləri gətirməmişdi, çünki “Qarabağ”la məhz bu həftə qarşılaşdılar – qanımızın damarda durmadığı, motivasiyamızın dağları inlətdiyi günlərdə.

Möhtəşəmdi – “Qarabağ” ardıcıl 7-ci dəfə qrup mərhələsində oynayacaq. Lakin budəfəki uğur hətta ÇL-in qrupuna vəsiqə qazanıldığı mövsümdəkindən daha vacib idi. İlk dəfə belə şans qazanan “Ararat”ın əzildiyi gün bütün dünya Qarabağın Azərbaycanın olmasını bir daha gördü. Yaşıl meydandakı qələbə müharibə meydanındakı zəfərlərin əla davamı oldu.

Qurban Qurbanov – onun haqda yazmağa kəlmələr yetmir. Onun haqda nə yazasan ki? Qurbanov adını tarixə özü yazmış adamdı. Əsgərlərimiz bu sərkərdənin etdiklərindən ruh alacaq, yeni-yeni qələbələrə doğru gedəcək.

Klub rəhbərliyi bu illər ərzində elə işlər görüb ki, zaman gələcək, yuxu kimi xatırlayacağıq. Qarabağ uğrunda döyüşmək üçün döyüş əzmimizin həmişə diri qalmasında klubun ardıcıl zəfərlərinin danılmaz rolu var. Səbr, peşəkarlıq, hədəfə köklənmə, ardıcıl uğurlar – ölkə rəhbərliyimizin Qarabağla bağlı siyasətində də bu oxşarlıq var.

Barmaqlar acizdi, klaviaturanın düymələrini döyəcləməyə həvəs yoxdu. Emosiya fırtınasından sonra xoş anların bitməsini istəmrsən, qələbələrin davamını arzulayırsan. Elə də olacaq. Növbəti qələbə xəbərlərini cəbhədən alacaq, bayrama bayram qatacağıq.

FƏRİD

qar2 - Futbolinfo.az
Shares: