“Çətin sınaqda idik. Əlimizdən gələni etdik. Vəziyyətdən asılı olmayaraq, hər zaman Qarabağın adını yüksəklərdə tutmaq üçün oynamışıq. Bizim üçün bir az stressli durum idi”.
Futbolinfo.az xəbər verir ki, bu fikirləri “Qarabağ”ın futbolçusu Qara Qarayev UEFA Avropa Liqasının pley-off mərhələsində Polşada “Legiya”ya 3:0 hesabı ilə qalib gələrək qrupa vəsiqə qazandıqları oyun barədə danışarkən deyib.
28 yaşlı yarımmüdafiəçi bildirib ki, cəbhədə baş verənlərin fonunda bu matça hazırlaşmaq çətin idi: “Şükürlər olsun ki, komanda olaraq bunun öhdəsindən gələ bildik. Qazanacağımız qələbənin nə dərədəcə vacib olduğunu dərk edirdik. Sevinirəm ki, buna nail olduq”.
Qarayev bildirib ki, indiki vəziyyətdə öz uğurlarını o qədər də böyük saymır: “Əsgərlərimizin döyüşdə qazandığı zəfərlər daha önəmlidir. Çünki ora daha çətindir, səhvləri bağışlamır. Əsgərlərimiz torpaqlarımızı qorumaq üçün hər saniyə risk daşıyırlar. Nə qədər oyun oynasaq da, beynəlxalq arenada çıxış etsək də, fikrimiz, dualarımız əsgərlərimizlədir”.
Təcrübəli oyunçu 2 gündür yata bilmədiyini söyləyib: “Yuxularım qarışmışdı. İstər-istəməz stressdə idim. Cəbhədə qazanılan zəfərlərin qarşılığında Polşada qələbə sevinci yaşada bilməmək qorxusu var idi. Amma vəziyyətin öhdəsindən gələ bildik. Bu işdə baş məşqçimiz də bizə çox kömək oldu. Çox yükləməyə çalışmadı. Dedi ki, siz özünüz hər şeyi bilirsiniz, artıq sözlərə ehtiyac yoxdur. Futbolçuları tam olaraq motivasiya etmişdi. Hamımız məsuliyyəti dərk edirdik”. (report)