“Digər qruplarla müqayisə etdikdə, yaxşı qrupa düşdüyümüzü demək olar”.
Futbolinfo.az xəbər verir ki, bunu “Sivasspor”un baş məşqçisi Rza Çalımbay Avropa Liqasının qrup mərhələsinin püşkatmasını dəyərləndirərkən deyib.
Türkiyə klubu Azərbaycan çempionu “Qarabağ”, həmçinin İsrail təmsilçisi “Makkabi” (Təl-Əviv) və İspaniya “Vilyarreal”ı ilə İ qrupunda mübarizə aparacaq.
Çalımbay hədəflərinin qrupdan çıxmaq olduğunu söyləyib: “Mən “Dənizlispor”da olarkən çox çətin qrupa düşmüşdük. “Olimpik” (Lion), “Sparta”, “Porto” var idi. Həmin qrupdan çıxmışdıq. İnşallah, bu qrupdan da çıxacağıq. Yenə asan qrupa düşməmişik. “Vilyarreal”ı, onsuz da, hamı tanıyır. Digər komandalar da çətin rəqiblərdir. Heyətimizi Avropa Liqasına uyğun qurmuşuq. Ölkəmizin xala ehtiyacının olması bizi daha çox həvəsləndirir. Həm ölkəmiz, həm də özümüz üçün mübarizə aparacağıq. Yaxşı oyunçularımız var, gözəl işlər görəcəyimizi düşünürəm. Komandamızı növbəti mərhələyə çıxaracağıq”.
Qeyd edək ki, Avroliqada qrup mərhələsinin oyunları 22 oktyabr, 29 oktyabr, 5 noyabr, 26 noyabr, 3 dekabr və 10 dekabrda keçiriləcək.