İspaniyanın “Vilyarreal” klubunun baş məşqçisi Unay Emeri Avropa Liqasının qrup mərhələsinin püşkatmasını dəyərləndirib.
Futbolinfo.az xəbər verir ki, 49 yaşlı mütəxəssis İ qrupundakı rəqibləri “Qarabağ” (Azərbaycan), “Makkabi” (Təl-Əviv, İsrail) və “Sivasspor”a (Türkiyə) hörmətlə yanaşdığını bildirib.
İspan çalışdırıcı Azərbaycan çempionunun gücünü xüsusi qeyd edib:
“Püşk həyəcanlı oldu. Bizi uzun səyahətlər gözləsə də, xoş qrup olduğunu düşünürəm. Avropa Liqası son illər çox böyüdüyü üçün rəqiblər bizə çətin anlar yaşadacaq. Hər bir komandanın özünəməxsusluğu var. “Qarabağ” istənilən rəqiblə mübarizə aparmaq gücündədir və Avropada nüfuz sahibidir. Avrokubok ənənəsi olan “Makkabi” də çətin rəqibdir. “Sivasspor”da isə təcrübəli futbolçular cəmləşib. Bizim üçün yenidən bu turnirdə yarışmaq vacib fürsətdir. Bu, ötən mövsümdəki çıxışın mükafatıdır. Qrupdakı matçları səbirsizliklə gözləyirik. Qarşımıza iddialı hədəflər qoymuşuq. Addım-addım, oyun-oyun irəliləmək istəyirik. Avropa Liqasını qazanmağın xəyallarını qururuq. Buna görə də həyəcanlıyıq. Hər matça bu rəqabətə layiq olduğumuzu sübut etmək üçün çıxacağıq”.
Qeyd edək ki, qrup mərhələsinin oyunları 22-29 oktyabr, 5-26 noyabr və 3-10 dekabr tarixlərində keçiriləcək.