“Neftçi”nin yeni transferi Bruno Telüşi “ağ-qaralar”a keçidini şərh edib. 30 yaşlı albaniyalı yarımmüdafiəçi “Ponaramasport”a paytaxt klubu ilə müqavilə imzalamasından, həmçinin ölkəmizdəki hərbi vəziyyətdən danışıb:
“Açığı, əvvəlcə “Partizan”ı gözləyirdim. Sonra “Kukesi”nin baş məşqçisi Şkender Qeqadan təklif gəldi. Onun istəyi məni iki dəfə düşünməyə qoymadı. Üstəlik, klub uzun müddət xidmətimdə maraqlı idi. Şərtlər yerinə yetirildi, müqavilə bağladım. Daha sonra gözləmədiyim anda “Neftçi”dən dəvət aldım. Hər şey düşündüyümdən tez baş verdi. Hazırda bu komandadayam. Özümü yeni macəraya hazır hiss edirəm. “Kukesi” ilə müqaviləmdə belə bir bənd var idi ki, daha yaxşı təklif gəlsə, gedə bilərəm. Ümumiyyətlə, rəhbərlik bu məsələdə mənə mane olmadı. Əksinə, işimi asanlaşdırdılar. Buna görə onlara təşəkkür etməliyəm. Azərbaycana gəldikdə isə düzdür, müharibə başlayıb. Amma bu, çoxdan davam edir. Hətta bunu kiçik müharibə adlandırırlar. Bu, məni qətiyyən narahat etmir. Qorxu üçün heç bir əsas yoxdur. Məni narahat edən yeganə məqam internetdir. Sürət çox zəifdir və ailəmlə normal ünsiyyət qura bilmirəm (gülür). Hər futbolçu ölkə xaricində oynamaq istəyir. Bu, irəliyə doğru böyük addım atmaq və özünü göstərmək üçün fürsətdir. Mən də bunu istəyirəm. Arzuma çatdığım üçün şadam. Karyeramda irəliləmək şansım var. Çox yaxşı komandaya gəlmişəm. Özümü rahat hiss edirəm”.
Qeyd edək ki, “Neftçi” Bruno Telüşi ilə mövsümün sonunadək müqavilə bağlayıb.