8-ci turun açılış matçında layiq olan qələbə qazandı. Lakin son 10 dəqiqədəki həyəcan “Qəbələ”ni ilk qələbədən məhrum edə bilərdi. İlk dövrədə 3 xala həsrət qalan, yaxşı oynadığı matçlarda belə heç-heçəylə kifayətlənən bölgə təmsilçisi tilsimi qırmaq istərkən az qala “qəzaya düşəcəkdi”.

Halbuki “qırmızı-qaralar” yüksək səviyyəli oyun keçirdi, rəqibini bütün komponentlərdə üstələdi. Hər hissədə bir qor vurulsa da, qəbələlilər daha artığına layiq idi. Lakin “Sabah”ın mərkəz müdafiəçisi Nikola Vuyadinoviçin meydandan qovulmasından sonra sonra Elmar Baxşıyevin yetirmələri sanki arxayınlaşdı. Ev sahibləri hesabı qorumağa çalışdı, məşqçilər ardıcıl əvəzetmələrlə qələbəyə tez inandı. Qapıçı Anar Nəzirovun zədələnməsindən sonra isə komanda bütün gücünü müdafiədə olunmağa yönəltdi.

“Sabah” təsəlli qolunu azlıqda qalarkən vurdu. Qonaqların son dəqiqələrdə fəallaşması təkcə “Qəbələ”nin arxayınlaşması ilə bağlı deyildi. Visente Qomesin əvəzetmələri də işə yaradı və hücumda kəsər artdı. Halbuki ilk turdan bu yana heyətlə oynamaqla məşğul olan, hər matça fərqli “11-lik” çıxaran ispan mütəxəssis sabitliyə nail olsaydı, indi nəticələr daha ürəkaçan olardı.

Heç bir klub rəhbəri hansısa yerli məşqçinin ardıcıl 5 məğlubiyyətinə dözməzdi. Amma Premyer Liqanın yeganə əcnəbisinə lazım olandan çox səbr edilir. Oyunlar göstərir ki, komandada ciddi problemlər var, məşqçiylə futbolçular bir hədəfə köklənməyib. Qarşılıqlı inamsızlığın nəticəsidi ki, Qəbələdə başıpozuq “Sabah” izlədik. Sanki komanda oyuna məqsədsiz çıxmışdı. Ön xəttdə pressinq yox, müdafiəçilər inamsız idi, orta sahədə xətlərarası rabitə təmin edilmirdi. Sanki hamı özü üçün oynayırdı.

Ən pisi odur ki, bütün bunlar heyətinə görə çempionatımızın ən yaxşı komandalarından birində baş verir. Maliyyə dayaqlarına görə rəqiblərinə fərq atan “Sabah” elə bu üstünlüyünə görə bugünkü rəqibinin bir neçə futbolçusunu ikiqat artıq maaşa heyətinə qatıb. Eləcə də digər Premyer Liqa təmsilçilərindən aparıcı oyunçular, xeyli legioner düşərgəyə cəlb edilib. Lakin həmin futbolçuları komanda şəklində birləşdirmək mümkün olmayıb. Bu isə birbaşa məşqçinin bacarıqsızlığıdı.

Oyundan sonra verdiyi açıqlamada Qomes getmək istədiyini hiss etdirdi. Ötən turda olduğu kimi, bu dəfə də ispan məşqçi “razılaşsaq, gedə bilərəm” dedi. Onun açıqlamasında “futbolçular istəməsə” deməsi məhz yetirmələri ilə problem yaşamasının etirafıdı. Visente aşkar şəkildə kompensasiya qarşılığında vidalaşmağa hazır olduğunu bəyan edir, buna eyham vurur.

İndi qərarı rəhbərlik verməlidi. Milli komandaların oyunları üzündən yaranan fasilə yaxşı şansdı. İspanı yola salmaq, yeni məşqçini təyin edib, onun komandayla tanış olması üçün ələ düşən vaxtdan səmərəli istifadə etməsinə şərait yaratmaq lazımdı. Hazırda komanda 8 tura 6 xal toplasa da, liderlər qrupuna qayıtmaq çətin deyil, çünki fərq böyüməyib, hamı büdrəyir. Əks halda, sonra gec olacaq. Yaxşı büdcəli, zəngin heyətli komandaya yüksək yerlər yaraşır. Qomes ötürməni verib, indi top rəhbərlikdədi.

“Qəbələ”yə gəlincə, komandanın əla potensialı var. İdris İnqilablının nümunəsində hər il yeni yetirmələr üzə çıxır, legionerlərin səviyyəsi pis deyil, təcrübəli oyunçular da öz yerində. Özünəinam olsa, ardıcıl 2-3 qələbə ilə komanda liderlər qrupuna da düşə bilər.

FƏRİD

Shares: