Futbol üzrə Azərbaycan Premyer Liqasının 8-ci turunun “Qəbələ” – “Sabah” oyunundan (2:1) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Elmar Baxşıyevin mətbuat konfransı keçirilib.

Futbolinfo.az sizi 40 yaşlı mütəxəssisin fikirləri ilə tanış edir:

“Komandanı həm məşqlərə, həm də oyuna hazırlamaq bir az çətin olur. Çünki biz də daxil olmaqla hamının bütün fikirləri Qarabağdadır. Hər dəqiqə dualarımız, düşüncələrimiz əsgərlərimizin yanındadır. İnanırıq ki, Ordumuz millətimizi sevindirib, layiqli torpaqlarımızı qaytaracaq. Qarşılaşmaya gəlincə, indiyədək keçirdiyimiz matçlara nəzər yetirsək, komanda olaraq çox keyfiyyətli oynayırdıq. Çalışırdıq ki, hücumda yaxşı futbol göstərək. Sadəcə qələbə çatmırdı. Bu gün fərdi oyunçularla deyil, komanda şəklində məzmunlu oynayıb qalib gəldik. Heyəti son anda gücləndirə bildik. Yeni oyunçular gec, bəziləri II-III turda sıralarımıza qoşuldu. Futbolda oyunçulara uyğunlaşmaq üçün vaxt lazımdır. Biz məşqlərdə görürdük ki, hansısa komponentdə daha da yaxşılaşır. Komandanın çıxışından razıyam, hücumda oynamağa çalışır. Hər oyunda 4-5 qol şansımız olur. Lakin dəyərləndirə bilmirdik. Qələbə olmayanda soyuqqanlılıq da itir. Bu gün layiqli qələbə qazandıq. İnanıram ki, daha yaxşı olacaq. Əvəzlənən qapıçımız Anar Nəzirov dizində ağrılar hiss etdi. MRT müayinəsindən sonra durumunu dəqiq biləcəyik. Qapıçılar arasında fərq qoymuruq. Anar daha təcrübəlidir. Tərlan Əhmədli də onu əvəz edə biləcək qolkiperdir”.

Shares: